Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Dövlət Komitəsinin sədri Türkiyənin ailə və sosial xidmətlər naziri ilə görüşüb

16 may 2024-cü il tarixdə Türkdilli Dövlətlər Təşkilatının (TDT) sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin birinci iclasında iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş ilə görüşüb. Qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edən Komitə sədri dostluq, qarşılıqlı etimad və müxtəlif sahələrdə maraqların yaxınlığına əsaslanan hərtərəfli əlaqələrin yüksək səviyyəsini vurğulayıb. Naxçıvan şəhərində bünövrəsi qoyulmuş TDT-nin bu gün dünyanın fəal aktorlarından birinə çevrilməkdə olduğuna diqqət çəkən Komitə sədri, təşkilatın təkcə regional deyil, həm də qlobal miqyasda söz sahibinə çevrilməkdə olduğunu bildirib. O, Türk Dövlətləri Təşkilatının (TDT) çətiri altında türk birliyinin möhkəmlənməsinə və daha da inkişaf etdirilməsinə hər kəsin öz sahəsi üzrə töhfə verməsinin vacib olduğunu qeyd edib. B.Muradova bildirib ki, Azərbaycan bütün beynəlxalq formatlarda həm uşaq, həm də qadın məsələləri ilə bağlı yeni birliklərin yaranmasının təşəbbüskarı kimi çıxış edir. O, sədrliyi dövründə ölkəmizin Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində mühüm addımlar atdığını qeyd edib. İclasın qarşılıqlı təcrübə mübadiləsi aparmaq baxımından önəmini qeyd edən Komitə sədri, nəticəyönümlü müzakirələrin olacağına inamını ifadə edib. Qonaqları salamlayan Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş, hazırkı ikitərəfli münasibətlərinin əsasında dayanan tarixi əlaqələrdən söz açaraq, bu münasibətlərin hər bir sahədə daha da inkişaf edəcəyini bildirib. M.Göktaş ailə, qadın, uşaq və sosial xidmət sahələrində təcrübə mübadiləsinin yeni bir mərhələyə yüksəlməsi istiqamətində fikirlərini bölüşüb. O, iki ölkə arasında əməkdaşlığın həm ölkələrimiz, həm region, həm də beynəlxalq aləmdə önəmli olduğunu diqqətə çatdırıb. Hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin də iştirakı ilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Ətraflı
Sədaqət Qəhrəmanova Səmərqənddə keçirilən Asiya Qadınlar Forumunda iştirak edib

13 - 14 may 2024-cü il tarixində Özbəkistanın Səmərqənd şəhərində Asiya Qadınlar Forumu  keçirilib. Tədbirin keçirilməsində məqsəd qadınların iqtisadi imkanlarının artırılması və gender bərabərliyinin təmin edilməsi olub. "Qadınların iqtisadi, sosial və siyasi hüquq və imkanlarının genişləndirilməsinə regional yanaşma” mövzusunda keçirilən Forum Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbrikinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, BMT Baş katibinin müavini Sima Sami Bahous, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq və digərləri açılış nitqlərilə çıxış edərək, müvafiq mövzuda fikirlərini səsləndiriblər.   Forumda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasının bir ölkə, bir regionla məhdudlaşmadığını, qlobal təsirə malik və coğrafiyasından asılı olmayaraq hamını narahat edən bir məsələ olduğunu bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Qadınların səlahiyyətlərinin artırılması Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün açardır” mövzusunda çıxış edib.  Qadınların məşğulluğunun artırılması istiqamətində görülən işlərdən danışan S. Qəhrəmanova qeyd edib ki, gender bərabərliyinə nail olmaq cəmiyyətin davamlı inkişafına xidmət edir. Tədbir panel sessiyalarla davam edib və ekspertlər müvafiq mövzular üzrə fikir mübadiləsi aparıblar. Forumda Türkiyə, Vyetnam, Koreya, Türkmənistan, Misir, Küveyt, İordaniya, Qətər, Butanın nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Ətraflı
Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur. “Açıq qapı” günü 23 may 2024-cü il tarixdə, saat 10:00-dan 17:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar

Ətraflı
Paytaxtda və bölgələrdə 15 may “Beynəlxalq Ailə Günü” ilə bağlı silsilə tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tövsiyəsi ilə 15 may “Beynəlxalq Ailə Günü” bu il regionlarda da təntənə ilə qeyd edilib. Gəncə, Sumqayıt, Şirvan şəhərlərində, Abşeron, Ağcabədi, Ağdam, Ağsu, Balakən, Bərdə, Cəlilabad, Füzuli, İmişli, İsmayıllı, Lerik, Masallı, Quba, Qusar, Qubadlı, Şamaxı, Şuşa, Tərtər, Tovuz, Ucar, Hacıqabul, Xocalı, Xocavənd, Zaqatala, Zəngilan, Zərdab, Şəmkir, Samux rayonlarında, eyni zamanda Bakı şəhərinin Nizami və Qaradağ rayonlarında tədbirlər təşkil olunub. Keçirilən seminar, maarifləndirici görüş və tədbirlərdə uşaq və yeniyetmələr, ailələr, ziyalılar iştirak ediblər. Həmçinin 15 may ərəfəsində yerli icra hakimiyyətləri tərəfindən nümunəvi ailələrə səfərlər, eləcə də gənc ailələrlə uzunömürlü ailələrin görüşləri təşkil edilib.

Ətraflı
Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirməsi üzrə seminarlara başlanılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi üzrə seminarlara start verib. Seminarların keçirilməsinin məqsədi ölkənin regionlarında bələdiyyələrin gender komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, yerli idarəetmədə gender bərabərliyi prinsipinin təşviqi və qadınların təmsilçiliyinin gücləndirilməsi, eyni zamanda məişət zorakılığının qarşısının alınması istiqamətində məlumatlılığın artırılmasıdır. İlk seminarlar Saatlı və Sabirabadda 14,15 may tarixlərində ekspert Abil Bayramov tərəfindən keçirilib. Qeyd edək ki, seminarların 2024-cü il ərzində Quba, Qusar, Şamaxı, İsmayıllı, Tovuz, Gədəbəy, Biləsuvar, Masallı rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Ətraflı
Dövlət Komitəsi tabeliyində olan Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin baş mühasib vakant vəzifəsi üzrə işə qəbul müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin baş mühasib vakant vəzifəsi üzrə işə qəbul müsabiqəsi elan edir. Vəzifə barədə ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz: Vəzifə təlimatları Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 16 may – 17 iyun 2024-cü il tarixlərində şəxsi məlumatlar anketini (CV) region@family.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Qeyd: Namizəd müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdır. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq, seçilmiş şəxsə bu barədə məlumat veriləcək. Əlaqə: Ailə məsələləri şöbəsi Mərkəzlərlə iş sektoru şəh. (+99412) 493-79-62 mob. (+99451) 230-54-87

Ətraflı
Regionlarda 15 May - Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən aidiyyəti qurumların dəstəyi ilə 15 May-Beynəlxalq Ailə Günü münasibətilə müxtəlif tədbirlər – maarifləndirici görüşlər, gənclər və yeni ailə quranlar üçün “Ailələrin qurulması və qorunması” mövzusunda təlim-seminarlar keçirilib, uzunömürlü, şəhid və qazi ailələrinə səfərlər təşkil edilib. Tədbirlərdə çıxış edənlər Beynəlxalq Ailə Gününün tarixindən, bu günün qeyd edilməsinin əhəmiyyətindən, Azərbaycanda cəmiyyətin özəyi sayılan ailəyə həmişə böyük önəm verildiyindən, dövlətimiz tərəfindən ailələrə göstərilən diqqət və qayğıdan danışaraq cəmiyyətin formalaşmasında və saflaşmasında ailənin mühüm rolunu diqqətə çatdırıblar. Mərkəzlərin əməkdaşları tərəfindən gənclərə, yeni ailə quranlara keçirilən təlimlərdə həyat yoldaşı seçimindən başlayaraq, ailə həyatının müxtəlif mərhələləri, ailə büdcəsinin idarə edilməsi, ailədə böyüklərlə ünsiyyət kimi vacib məsələlərə toxunulub, interaktiv tapşırıqlar icra olunub.

Ətraflı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 14 may 2024-cü il tarixində növbəti interaktiv təlim keçirilib

 “Çətin həyat şəraitində olan uşaqların yerləşdirilməsi” mövzusunda Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şərqi Zəngəzur regionları üzrə icra hakimiyyətləri və Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə onlayn qaydada keçirilən təlimin məqsədi çətin həyat şəraitində olan uşaqların dövlət uşaq müəssisəsinə yerləşdirilməsi və ailələrinə qaytarılması sahəsində qurumlararası işin gücləndirilməsi, uşaq hüquqlarının qorunması istiqamətində qarşıya çıxan mühüm məsələlərlə bağlı müzakirələr aparmaqdır.  Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin əməkdaşı Bahar Həsənli uşaq hüquqlarının müdafiəsi sahəsində qarşıya çıxan mühüm məsələlərin müzakirə olunmasının, qurumlararası işin koordinasiyasının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.   Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəis müavini Rüstəm Rüstəmov, Nazirliyin tabeliyindəSosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov və həmin departamentin Qiymətləndirmə şöbəsinin müdiri Elnarə Cavadova ekspert qismində çıxış edərək, iştirakçılara sözügedən məsələ barədə mövcud qanunvericilik aktları, valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsisteminə çətin həyat şəraitində olan uşaqların yerləşdirilməsi qaydası, eləcə də həyata keçirilən tədbirlər və ailələrə qaytarılan uşaqlar barədə geniş məlumat veriblər. Yerli icra hakimiyyəti orqanları və Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin 50-yə yaxın əməkdaşının iştirak etdiyi təlimin sonunda ekspertlər tərəfindən suallar cavablandırılıb.  Qeyd edək ki, uşaq hüquqlarının müdafiəsi istiqamətində mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə digər aktual mövzularla bağlı təlimlər davam edir.

Ətraflı
Beynəlxalq Ailə Günü ərəfəsində Ailə Festivalı keçirilib

14 may 2024-cü il tarixində Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi Ailə Festivalı keçirilib. Festival “Ekoloji düşüncə ailədən başlayır” şüarı altında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Festivalda açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, ailələri əlamətdar gün münasibətilə təbrik edib, onlara rifah, xoşbəxtlik arzu edib. O, ailəni dövlətin, cəmiyyətin əsas özəyi, dünyaya göz açan hər kəsin tanış olduğu ilk sosial mühit adlandırıb. Dövlət ailə siyasətindən söz açan sədr, bu siyasətin əsasında insan və onun mənafeyi, rifahının dayandığını, cəmiyyətin inkişafına xidmət etdiyini qeyd edib. Komitə sədri Azərbaycanın tarixən öz gücünə güvəndiyini və bu gün Günəş kimi dünyaya işıq saçdığını söyləyib. Əlavə edib ki, işğaldan azad edilmiş torpaqlara, xüsusilə də Şuşaya köçün yaşandığı ərəfədə festivalın ailə dəyərlərinin vacib olduğunu bir daha cəmiyyətə çatdırmaq, ailənin möhkəmliyinin, saflığının cəmiyyət və dövlət həyatının əsası olduğuna dair çağrış etmək məqsədi daşıdığını qeyd edib. Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, ailənin cəmiyyətin gələcəyə olan ümidi olduğunu deyib. Bildirib ki, bu gün gələcəyə olan ümidimizin tam olduğunu fəxrlə deyə bilirik və övladlarımız bütövləşmiş Azərbaycan torpaqlarında böyüyür və ailə həyatı qururlar. E.İmanov artıq ənənə halını alan Festivalın əhəmiyyətinə diqqət çəkərək, belə tədbirləri ailə institutunun qorunması, dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından olduqca əhəmiyyətli hesab edib. Çıxış edən RİİB-in əməkdaşı Aytac Əjdərli dövlət ailə siyasətinin inkişafında milli adət və ənənələrin rolundan danışıb, Komitənin ailə siyasəti sahəsində fəaliyyətinə diqqət çəkib. Heydər Əliyev Fondunun reallaşdırdığı bir çox layihələrin əsas istiqamətinin ailə modelinin özünəməxsusluğunun qorunması olduğunu qeyd edib. O, festivalın təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib və ailələri təbrik edib.  Çıxışlardan sonra Dövlət Komitəsinin keçirdiyi “Həyatdan şəklə” onlayn foto-müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin qalibləri, birinci yer üzrə Ruslan Cəfərov, ikinci yer üzrə Gülcan Qədirli və üçüncü yer üzrə Güllər Ömərova seçilib. Rəngarəng çıxışlar və ifalarla davam edən festival uşaqlar üçün xüsusi yaddaqalan olub. Onlar xüsusi təşkil olunmuş guşələrdə xalça toxuma, ebru sənəti, dulusçuluq, eləcə də gül çələngi, maqnit, eko-çanta hazırlanması, gil ilə iş və s. müxtəlif ustad dərslərində iştirak edib, əyləncələrə qatılıblar. Festival konsert proqramı ilə davam edib.

Ətraflı