Media
Xəbərlər

Regionlarda “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 20 oktyabr - 20 noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər, o cümlədən “Mənim hüquqlarım” və “Yadda saxla, balaca!” adlı interaktiv və öyrədici təlimlər, maarifləndirici görüşlər, viktorinalar, ekoloji layihələr həyata keçirilib. Rayon İcra Hakimiyyətləri, idarə, müəssisə və təşkilatlar, təhsil müəssisələrinin dəstəyi ilə keçirilən tədbirlərdə müvafiq qurumların əməkdaşları, Uşaq Səfirlər Məclisinin rayonlar üzrə nümayəndələri, müəllimlər, şagirdlər, məktəbəqədər yaşlı uşaqlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirlərdə mərkəzlərin əməkdaşları, ekspertlər tərəfindən iştirakçılara “Uşaq hüquqları haqqında” Konvensiyanın yaranma tarixi, mahiyyəti, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, həmçinin “Uşaq Hüquqları Aylığı”nın keçirilməsinin məqsədi, uşaq hüquqları sahəsində fəaliyyət göstərən qurumların, ümumilikdə vətəndaş cəmiyyətinin üzərinə düşən öhdəliklərindən bəhs edilib. İnteraktiv şəkildə keçirilən təlimlərdə uşaqlar hüquq və vəzifələrlə bağlı müzakirələrə qoşulub, qrup işlərində fəal iştirak ediblər. Azyaşlı uşaqlara təhlükəsizlik qaydaları, həyatda qarşılaşa biləcəkləri təhlükələr və bu təhlükələrdən müdafiə yollarından bəhs edilib, onlarla müxtəlif aktiv oyunlar oynanılıb, rəsmlər çəkilib və öyrədici materiallar hədiyyə edilib. Eyni zamanda, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin qorunmasına cəmiyyətin diqqətini çəkmək, ekoloji şüurun formalaşmasına töhfə vermək, yaşıllıq ərazilərin artırılması vasitəsilə ekoloji balansın bərpasına nail olmaq məqsədilə uşaqların iştirakı ilə iməciliklər və ağacəkmə aksiyaları da keçirilib.

“Yeni Yaranan Texnologiyalar: uşaqların cinsi istismar və zorakılıqdan müdafiəsi üçün təhlükələr və imkanlar” adlı tədbir və Lanzarota Konvensiyası Tərəflər Komitəsinin 43-cü iclası keçirilib
BMT nin Vyana Ofisində baş tutan iclas və tədbirdə ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva təmsil edib. 5 noyabr 2024-cü il tarixdə Avstriya hökumətinin Ədliyyə Nazirliyinin təşkilatçılığı və Tərəflər Komitəsinin üzvü olan milli və müstəqil ekspertlər, eyni zamanda akademik dairələrin nümayəndələrinin iştirakı ilə keçirilən bacarıqların artırılması tədbiri plenar sessiya, daha sonra “İnkişaf edən Texnologiyalar”, “Təhdidlərin və cinayətkarın davranışının əhatə dairəsi”, “Texniki həllərin araşdırılması” və “Cavabların müəyyən edilməsi” adlı 4 panel sessiya ilə davam edib. İclas Avstriyanın ədliyyə naziri xanım Alma Zadikin video-mesajı ilə başlayıb. Daha sonra Lanzarota Komitəsinin sədri Maria Josenin və Avstriyanın Xarici İşlər Nazirliyinin Hüquq departamentinin rəhbəri və səfir Gregor Şusterçitin açılış nitqləri dinlənilib. Panel sessiyalarda Kibercinayətkarlıq üzrə Avropa Komissiyasının, Evropolun, NecMec təşkilatının nümayəndələri bir sıra təqdimatlarla çıxış edərək uşaqlara qarşı artan “online” zorakılıq halları barədə məlumat veriblər. İnterpolun nümayəndəsi “Qurban uşaqların məhkəmə dinləmələri” mövzusunda təqdimatla çıxış edərək bu proseslərdə yeni texnologiyaların, xüsusilə süni intellektdən istifadənin mümkünlüyünü diqqətə çatdırıb. Nyu York Universitetinin professoru, Vyana Tibb Universitetinin Pediatriya üzrə Virtual Reallıq Laboratoriyasının rəhbəri və İsveçrənin Səhiyyə və Sosial Müdafiə Nazirliyinin rəhbər nümayəndəsi real keyslərdən istifadə edərək məsələnin psixoloji və sosial aspektlərindən bəhs edib, həmçinin reabilitasiya və ailə ilə işin aparılması barədə məlumat verib. Komitənin aparat rəhbəti Ceyran Rəhmətullayeva tədbir barədə qeydlərini bildirərək, uşaqlara qarşı artan “online” cinayət hallarının qarşısının alınması üçün milli mexanizmlərin və intenet təhlükəsizliyi sisteminin gücləndirilməsinin önəmini qeyd edib. Eyni zamanda baş vermiş hallarla bağlı məktəb proqramlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Sonra Lanzarota Komitəsinin 43-cü iclası öz işini Konvensiyanın milli səviyyədə icrası və ilk monitorinq nəticələrinin müzakirəsi ilə davam etdirib. Həmçinin inkişaf etməkdə olan texnologiyaların köməyi ilə uşaqların cinsi istismar və zorakılıqdan qorunmasına dair Bəyənnaməyə dair layihə müzakirə edilib. İclas müddətində ölkələrdə Konvensiyanın icrası istiqamətində aparılan işlər və müsbət irəliləyişlər barədə paneldə çıxış edən C. Rəhmətullayeva, Uşaq Streategiyası çərçivəsində hazırlanmış və yeni qəbul olunmuş sənədlər, qanunvericilikdə edilən ən son dəyişikliklər barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb. Qeyd edək ki, iclas öz işini 9 noyabradək davam etdirəcək.

Prezidentin təltif etdiyi Komitə əməkdaşına mükafatı təqdim olunub
Prezident Sərəncamına əsasən təltif olunmuş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Emma Xankişiyevaya “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib. Dövlət Komitəsinin sədri Bahar Muradova E.Xankişiyevanı fəaliyyətinin yüksək qiymətləndirilməsi münasibətlə təbrik edərək, ona olan etimadı doğruldacağına inandığını qeyd edib və uğurlar arzulayıb. E.Xankişiyeva mükafata layiq görüldüyünə və göstərilən diqqətə görə ölkə başçısına minnətdarlığını çatdırıb. Qeyd edək ki, E.Xankişiyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib.

Zəfər Günü münasibətilə regionlarda silsilə tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən Zəfər Günü münasibətilə silsilə tədbirlər, o cümlədən mərkəzlərdə və təhsil müəssisələrində vətənpərvərlik mövzusunda görüşlər keçirilib, şəhid və qazi ailələrinə səfərlər, Şəhidlər xiyabanlarına ziyarətlər təşkil edilib. Mərkəzlərin, Rayon İcra Hakimiyyətlərinin, təhsil müəssisələrinin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdiyi tədbirlərdə Zəfər Gününün tarixi əhəmiyyətindən, Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Qeyd edilib ki, Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edir. Bu qələbə xalqımızın birliyini bir daha bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadətinin, əsgərlərimizin cəsarətinin, vətən sevgisinin bugünkü və gələcək nəsillər üçün ən gözəl vətəndaşlıq nümunəsi olduğu xüsusi vurğulanıb. Çıxışlarda işğaldan azad olmuş ərazilərdə həyata keçirilən yenidənqurma, bərpa və quruculuq işlərindən, sakinlərin ata-baba yurdlarına qayıtması məsələlərindən danışılıb. Vətən müharibəsi iştirakçıları keçdikləri döyüş yolundan söz açıb, tədbir iştirakçılarının müharibə xatirələri ilə bağlı suallarını cavablandırıblar. Görüşlərdə şagirdlər tərəfindən qələbəyə həsr olunmuş şeirlər səsləndirilib, bədii kompozisiyalar nümayiş etdirilib. Ailə səfərləri zamanı igidlərimizin keçdiyi Zəfər yolu haqqında söhbətlər aparılıb. Qeyd edilib ki, şəhidlərimizin əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq, bu gün hər birimiz onların qəhrəmanlığı nəticəsində qalib dövlətin qalib vətəndaşları kimi yaşayırıq. Ailələrə mərkəzlər tərəfindən xatirə hədiyyələri təqdim edilib.

“Zəfər yolu” adlı intellektual yarış keçirilib
6 noyabr 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə uşaqların bilik və bacarıqlarının, liderlik qabiliyyətinin, milli-mənəvi dəyərlərinin və intellekt səviyyəsinin artırılması məqsədilə Mingəçevir şəhəri da daxil olmaqla ətraf rayonların 9-11-ci sinif şagirdləri arasında 8 Noyabr-Zəfər Gününə həsr edilmiş “Zəfər yolu” adlı intellektual yarış keçirilib. Yarışın ilk mərhələsi oktyabr ayı ərzində Mingəçevir, Yevlax şəhərləri, Ağdaş, Goranboy, Göyçay və Oğuz rayonlarının məktəbliləri arasında keçirilib, beləliklə qalib komandalar Mingəçevir şəhərində baş tutacaq final mərhələsində iştirak hüququ qazanıblar. Tədbirdən öncə Şəhidlər Xiyabanı və Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Final mərhələsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova iştirakçıları salamlayıb, uşaqların intellekt səviyəsinin artırılması məqsədilə belə yarışlarda iştirak etməyin əhəmiyyətini vurğulayıb. Komitə tərəfindən uşaqların bilik və bacarıqlarının artırılması, onların potensialının aşkar edilməsi, müstəqil özünü ifadə etmək bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirildiyini qeyd edib. Daha sonra komandaların ilkin mərhələdə iştirak etdikləri yarışlardan video-görüntülər təqdim edilib. Sonra Zəfər gününə həsr edilmiş, habelə, ümumi bilik səviyyəsini göstərən suallar ətrafında keçirilən yarışda qaliblər müəyyən edilib. 6 turdan ibarət yarışda Mingəçevir rayonunu təmsil edən komanda üçüncü, Oğuz rayonunu təmsil edən komanda ikinci, Goranboy rayonunu təmsil edən komanda birinci yerə layiq görülmüşdür. Sonda qaliblərə diplom və mükafat təqdim edilib.

Bahar Muradova ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələri ilə görüşüb
6 noyabr 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın COP29 Konfransı çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində iştirak edən İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin (Mormon kilsəsi) yüksək rütbəli nümayəndəsiCek Gerard və Stirlinq Fondunun prezidenti Mayls Hansenlə görüşü keçirilib. Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, onları bütün dünya üçün vacib olan Qlobal Sammit çərçivəsində ölkəmizdə görməkdən məmnunluğunu bildirib. B.Muradova dünyamızı təhdid edən bir sıra məsələlərə, o cümlədən iqlim dəyişikliyi ilə mübarizəyə din xadimlərinin verə biləcəyi rolu yüksək qiymətləndirib, xüsusilə yaşıl planet naminə çalışmağı və bu məqsəd üçün dini liderləri bir araya gətirərək dünyaya çağırış etməyi müqəddəs bir iş adlandırıb. Ölkəmizin Cənubi Qafqazda sülh gündəliyini irəli sürdüyünü qeyd edən sədr əlavə edib ki, din xadimlərinin sülh quruculuğuna verə biləcəkləri töhfə misilsizdir. Sədr Fondun və onun fəallarının bütün dünyada, eləcə də Azəbaycanda gördüyü işləri təqdir edərək, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə fəalların minatəmizləmə işinə cəlb olunmasını bu ərazilərdə həyatın və ədalətin bərpa edilməsinə töhfə verən addım kimi qiymətləndirib. O, təşkilatın yaşıl planet naminə həyata keçirdiyi layihələrlə həm də müharibələrin dayandırılması, onların təsirlərinin aradan qaldırılmasına dəstək göstərəcəyinə inamını ifadə edib. Ölkəmizdə ailə institutunun əhəmiyyətinə diqqət çəkən Komitə sədri, qayıdış prosesi çərçivəsində işğaldan azad olunan ərazilərə köçürülən əhalinin adaptasiya və məşğulluğunun təmin edilməsi məqsədilə genişmiqyaslı işlərin və layihələrin həyata keçirildiyi barədə məlumat verib. Mormon kilsəsinin yüksək rütbəli nümayəndəsi Cek Gerard səmimi qəbula görə təşəkkürünü bildirib. O, kilsənin uşaq, qadın və ailə məsələləri ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığına diqqət çəkərək, müvafiq sahədə Komitə ilə birgə fəaliyyətə maraqlı olduğunu bildirib. C.Gerard, kilsənin işğaldan azad edilmiş ərazilərin minalardan təmizləməsi prosesində, eləcə də sülh quruculuğu işində yaxından iştirak etdiklərini qeyd edib. Daha sonra çıxış edən Stirlinq Fondunun prezidenti Mayls Hansen Fondun müxtəlif təşkilatlarla əməkdaşlıq çərçivəsində 42 ölkədə fəaliyyət göstərək həyata keçirdiyi işlərdən bəhs edib. O, Dövlət Komitəsi ilə müvafiq sahədə əməkdaşlığın inkişaf perspektivlərinə diqqət çəkib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Uşaq Səfirlər Məclisi üzvləri gənclər və idman naziri Fərid Qayıbovla görüşüblər
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu çərçivəsində Uşaq Səfirlər Məclisi üzvlərinin növbəti görüşü gənclər və idman naziri Fərid Qayıbov ilə olub. Görüşdə F.Qayıbov, gənclər və idman siyasəti mövzusunda fikir mübadiləsi aparıb, gənclər üçün yaradılan imkanlardan bəhs edib, iştirakçıların suallarını cavablandırıb. Məclisin fəaliyyəti ilə tanış olan nazir, uşaqlara tövsiyələrini verib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Görüşdən sonra uşaqlar Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında əyləncəli vaxt keçirib, bacarıqlarını sınayıb və xoş anlar yaşayıblar.
“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Quliyevlər ailəsidir
Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir. Layihənin növbəti qonağı Hacıqabul rayonundan olan Quliyevlər ailəsidir. Ağalar Quliyev və həyat yoldaşı Rəfiqə xanım 46 ildir ki birgə ömür sürürlər. Ağalar Quliyev 17 noyabr 1945-ci ildə Şamaxı rayonunun Dağ Kolanı kəndində anadan olub. 1962-1968-ci illərdə Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb. 1968-ci ildən Hacıqabul rayon Dəmiryol Xəstəxanasında işləyib, 1973-cü ildən həmin xəstəxanaya baş həkim təyin edilib. Həyat yoldaşı Rəfiqə Həmzəyeva 1954-cü il mayın 24-də Mingəçevirdə anadan olub, 1971-1978-ci illərdə Tibb Universitetində mamalıq-ginekologiya ixtisası üzrə təhsil alıb, təhsilini bitirdikdən sonra Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında ginekoloq olaraq fəaliyyət göstərib, 3 ildir təqaüddədir. Quliyevlərin bu evlilikdən 3 övladı (bir qız, iki oğlan), 6 nəvəsi var. Hər üç övlad ali təhsillidir. İndi isə bu zəhmətkeş, uzun və nümunəvi ömür yolu olan ailə ilə müsahibəmizi təqdim edirik. - Hörmətli Ağalar müəllim və Rəfiqə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 46 ildir davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Rəfiqə xanım, əvvəlcə Sizdən başlayaq. - Belə deyək ki, xoşbəxt ailənin sirri ondadır ki, ailədə ər-arvad arasında hər zaman həmrəylik olmalıdır. Bəzən olur ki, ailədə kiçik mübahisələr düşür. Çox vaxt uşaqlarla bağlı olur bu mübahisələr. Bu zaman hər iki tərəf elə davranmalıdır ki, ana ya atanın fikri səhv olsa belə övladların yanında bir-birilərinə irad bildirməsinlər. - Ağalar həkim, bu mövzuda Siz nə deyə bilərsiz? - Əsas ailədə hörməti, mehribanlığı qorumaq lazımdı. Biz kişilərin borcudur ki, həyat olan, həyatın təməli olan qadınlarımızı hər zaman qoruyaq, onların həssas qəlbini sınmağa yol verməyək. - Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? - Hər zaman bir-birimizin fikirlərinə hörmətlə yanaşmışıq. Elə ev yoxdur ki, orada problem olmasın. Əsas odur ki, valideynlər bir-birlərini dinləmə mədəniyyətinə sahib olsunlar. Bəzən olub ki, müəyyən məsələlərdə Ağalar müəllim mənim fikrimlə razılaşmayıb, amma bilirsiniz ki, qadın zəkası iti olur, elə halda fikrimi ona elə çatdırmışam ki, sanki onun öz fikridir, beləcə razılaşıb (gülür). - Ağalar həkim Sizcə vətənə, dövlətə layiqli övladlar yetişdirmək üçün nə etmək lazımdır? - Onu deyim ki, mən dağ rayonunda dünyaya gəlmişəm. Mənim valideynlərim sadə kənd adamları olublar. Onlardan hər zaman gördüyüm Allaha inam və sədaqətlə həyat sürmək olub. Bildiyiniz kimi Vətən sevgisi imandandır, bircə gün Vətənin keşiyində durmaq bütün dünyadan və dünyanın içində var olan hər şeydən daha üstün və xeyirlidir. Mənə valideynlərimdən miras qalan bu nəsihəti hər zaman övladlarıma aşılamışam, nəinki övladlarıma hətta gündəlik həyatımda və işlədiyim kollektivdə belə gəncləri bu amala doğru xidmət etməyə səsləmişəm. Bunun nəticəsidir ki, övladlarımın hər üçü istər vətəndə, istərsə də vətəndən xaricdə dövlətə, vətənə sədaqətlərini tutduqları vəzifələri ilə layiqincə nümayiş etdirirlər. - Rəfiqə xanım, valideyn-övlad münasibətlərini Siz ailənizdə necə tənzimləmisiniz? - Övladlarımla aramızda hər zaman səmimi, mehriban ünsiyyət olub. Onların səhvləri ilə doğruları ilə çalışmışam ki, hər zaman yanlarında olum. İşimin gərgin olmasına baxmayaraq bir ana kimi daima onların gündəlik qayğılarını ən öndə məsələm hesab etmişəm. Mən onlara uşaq kimi deyil, şəxsiyyət kimi yanaşmışam. Bu istər abituriyent dönəmlərində ixtisas seçimində olsun, istərsə ailə quranda, yaxud da başqa məsələlərdə. - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Etmədiyinizə görə təəssüfləndiyiniz hər hansı bir məqam varmı? - Əsla elə bir “kaş”larım yoxdur. Məncə təməldə düzgün təlim-tərbiyə olduqda insan geriyə dönüb heyiflənməz, əksinə zəhmətinin bəhrəsini görüb daha da qürur hissi duyar. - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? - Ailə kiçik dövlətdir və bu dövləti quran da kişi və qadındır. Onlar sağlam düşüncəli, möhkəm iradəli olmalıdır ki, ailə də möhkəm olsun. Ailə qurarkən qohumluq əlaqələri genişləndiyinə görə hər addımı atanda onları da düşünmək lazımdır. Əsas zahiri görünüş deyil, şəxsi keyfiyyətlərdir. Xüsusilə cütlüklər bir-birini düzgün anlamalıdırlar. Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə Quliyevlər ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.
Uşaq Səfirlər Məclisinin dövlət qurumlarının rəhbərləri ilə görüşləri davam edir
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində növbəti görüş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə olub. Ülvi Mehdiyev Məclis üzvlərinə "ASAN xidmət" mərkəzinin fəaliyyəti, könüllülük proqramları və gənclərin sosial layihələrdə iştirakı üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verib. Müzakirələr zamanı süni intellektin gələcəkdə "ASAN xidmət"də istifadəsi və bu texnologiyanın cəmiyyətə təsiri barədə fikir mübadiləsi aparılıb. Uşaqlar maraqlandıran sualları cavablandıran Dövlət Agentliyinin sədri onlara fəaliyyətlərində uğurlar arzulayıb, cəmiyyətə töhfə verəcək sosial təşəbbüslərdə fəal olmalarının vacibliyini vurğulayıb. İştirakçılar həmçinin "ASAN xidmət”, "Bilim Bakı", "ABAD" və "İNNOLAND" layihələri ilə tanış olub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi