Media
Xəbərlər

“Uşaqlar və Hüquq” - uşaqlar üçün maarifləndirici vəsait hazırlanıb
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə iş planına əsasən “Uşaqlar və Hüquq” adlı kitab (uşaqlar üçün maarifləndirici vəsait) hazırlanmışdır. Kitabın hazırlanmasında əsas məqsəd uşaqları hüquq və vəzifələri barədə məlumatlandırmaq, hüquqların təmin olunmasında ailənin, məktəbin və dövlətin üzərinə düşən öhdəliklərlə onları tanış etmək, hüquqlarından daha səmərəli istifadəyə və vəzifələrinə məsuliyyətlə yanaşmağa sövq etməkdir. Kitab hazırlanarkən uşaqların yaş xüsusiyyətləri, maraqları və anlama səviyyələri nəzərə alınmış, hüquqi biliklər bədii və həyatla bağlı kiçik hekayələr (kazuslar) vasitəsilə təqdim olunmuşdur. Kitabda gündəlik həyatda daha çox rast gəlinən və uşaqlar üçün daha aktual olan hüquq və vəzifələrə üstünlük verilmişdir. Məqsəd uşaqlara çoxlu qanun maddələri öyrətmək deyil, onların gündəlik həyatdakı davranışlarında ədalətli, məsuliyyətli və hüquqlarına sahib çıxmağı bacaran fərdlər kimi formalaşmaqlarına kömək etməkdir. Kitab 9 fəsildən ibarətdir: - Hüquq və vəzifələr Konstitusiyada; - Yol hərəkəti qaydaları; - Təhsil hüququ; - Sağlamlığın mühafizəsi hüququ; - Mülki hüquqlar; - Ailə hüququ; - Əmək hüquqları; - Kibertəhlükəsizlik; - Hüquqi məsuliyyət. Fəsillər uşaqların hüquq və vəzifələrini maraqlı və qısa hekayələr (kazuslar) vasitəsilə izah edən ayrı-ayrı dərslərə bölünüb. Beləliklə, hər bir kazusda əks olunmuş mövzuya aid tapşırıqlar uşaqların öyrəndikləri bilikləri yenidən nəzərdən keçirmək imkanı verəcək. Tapşırıqların cavabları ilə uşaqlar kitabın sonunda tanış ola və onları düzgün həll edib-etmədiklərini yoxlaya biləcəklər. Tapşırıqlardan əlavə, hər bir dərsə mövzu ilə bağlı düşündürücü və situativ suallar da daxil edilib. Əsas məqsəd uşaqlarda tənqidi düşünmə, qərarqəbuletmə, düzgün seçim etmə bacarıqlarını inkişaf etdirmək, empatiya, sosial ədalət, hörmət, məsuliyyət, vətəndaşlıq hislərini gücləndirməkdir. Ümid edirik ki, bu kitab uşaqlara həm öz hüquqlarını qorumağı, həm də başqalarının hüquqlarına hörmət etməyi öyrədəcək. Hüququ bilən və ədaləti sevən uşaqlar gələcəyin savadlı, məsuliyyətli və güclü vətəndaşları deməkdir. Uşaqlar və hüquq (Uşaqlar üçün maarifləndirici vəsait)

Bahar Muradova Uşaq Səfirlər Məclisinin Bərdə rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Uşaq Səfirlər Məclisinin Bərdə rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb. Uşaq iştirakçılığının cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını qeyd edən Komitə sədri, uşaqların hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, uşaqların qərarqəbuletmə proseslərində fəal təmsil olunması onların liderlik bacarıqlarının formalaşmasına, sosial məsuliyyət hissinin güclənməsinə və gələcəkdə aktiv vətəndaş kimi yetişmələrinə mühüm töhfə verir. Daha sonra Uşaq Səfirlər Məclisinin Bərdə rayonu üzrə nümayəndəsi Əlizadə Kənan çıxış edərək rayonda yaradılan imkanlar, həyata keçirilmiş maarifləndirici tədbirlər, sosial layihələr və qarşıdakı dövr üçün nəzərdə tutulan təşəbbüslər barədə ətraflı məlumat verib. O, xüsusilə gənclərin ictimai fəallığının artırılması, zərərli vərdişlərə qarşı mübarizə, abituriyentlərə dəstək və liderlik bacarıqlarının inkişafı istiqamətində planlaşdırılan layihələri diqqətə çatdırıb. Ardınca Uşaq Səfirlər Məclisinin Bərdə rayonu üzrə digər nümayəndəsi Zəhra Əliyeva çıxış edərək fəallar tərəfindən irəli sürülən təşəbbüs və təklifləri səsləndirib, yerli səviyyədə mövcud olan problemlər və onların həlli yolları barədə fikirlərini bölüşüb. Görüş çərçivəsində qarşılıqlı fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər ətrafında geniş müzakirə təşkil olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
“Qloballaşma dövründə ana dilinin qorunması” mövzusunda görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təşkilatçılığı ilə “Qloballaşma dövründə ana dilinin qorunması” mövzusunda görüş keçirilib. 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan görüşdə Uşaq Səfirlər Məclisinin üzvləri və Komitə könüllüləri iştirak edib. Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova günün əhəmiyyətindən bəhs edib, gənc nəslin dilimizin qorunmasındakı rolundan danışıb. Daha sonra yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, ANAİB-in İdarə Heyətinin sədri, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru və Komitə yanında İctimai Şuranın üzvü Şəmil Sadiq çıxış edərək Azərbaycan dilinin tarixi inkişaf yolu və zəngin lüğət tərkibi barədə ətraflı məlumat verib. Şəmil Sadiq bildirib ki, ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşını, fəlsəfi düşüncəsini və mədəniyyətini əsrlər boyu yaşadan milli-mənəvi sərvətdir. O, qloballaşma və rəqəmsal mühitin təsiri fonunda dilimizin saflığının qorunmasının xüsusi aktuallıq kəsb etdiyini diqqətə çatdırıb, bu istiqamətdə gənclərin maarifləndirilməsinin və fəal vətəndaş mövqeyinin formalaşdırılmasının vacibliyini vurğulayıb. Sonra Dövlət Komitəsinin əməkdaşı Pərvanə Əsgərzadə çıxış edərək, gəncləri milli kimliyimizin keşiyində dayanmağa və mənəvi irsimizə sahib çıxmağa çağırıb. Tədbirin davamında uşaq səfirlər və Komitə könüllüləri rəqəmsal mühitdə dil mədəniyyətinin formalaşması, sosial şəbəkələrdə ədəbi dil normalarına riayət olunmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb, mövzu ilə bağlı suallarını səsləndiriblər. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və ana dilinin qorunmasının dövlət–cəmiyyət–gənclər əməkdaşlığı çərçivəsində həyata keçirilməsinin vacibliyi bir daha vurğulanıb. Gənclərə "Hədəf" nəşriyyatında ana dilimizlə bağlı çap edilən kitablar, dünya klassiklərinin və milli ədiblərimizin əsərlərindən ibarət nümunələr hədiyyə edilib, gənclərlə xatirə şəkili çəkdirilib.

Bərdədə vətəndaş qəbulu keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bərdədə vətəndaşları qəbul edib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, xatirəsinə dərin ehtiram bildirilib. 20 fevral 2026-cı il tarixində keçirilən qəbul zamanı Bərdə və Tərtər rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında alimentin ödənilməsi, hüquqi yardım, övladının müalicəsi, ailədaxili münasibətlər, uşaqla ünsiyyət, məişət zorakılığı, sosial müavinət və digər məsələlər yer alıb. Qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bakı şəhəri və regionlarda internet resurslarından istifadənin faydaları mövzusunda maarifləndirici görüşlər keçirilib
16-20 fevral 2026-cı il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən internet resurslarından istifadənin faydaları mövzusunda maarifləndirici tədbirlər keçirilib. Təhsil müəssisələrində keçirilən tədbirlərdə Mərkəzlərin əməkdaşları və ekspert qruplarının üzvləri, müəllimlər, şagirdlər, valideynlər iştirak ediblər. Tədbirlərdə ekspertlər təqdimatlar vasitəsilə internet resurslarından istifadənin faydalarından bəhs edib, həmçinin uşaqların internetdə üzləşə biləcəyi kibertəhdidlər, onlardan müdafiə üsulları, internetdən düzgün istifadə qaydaları və digər məlumatları iştirakçıların diqqətinə çatdırıblar. İnteraktiv şəkildə keçirilən tədbirlərdə “Mobil telefonlarda valideyn nəzarəti funksiyasından istifadə qaydası” adlı video çarx nümayiş etdirilib, “İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” adlı bukletlər paylanılıb.

Narkomaniyanın qarşısının alınmasında valideyn məsuliyyəti mövzusunda maarifləndirici seminar keçirilib
19 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Balakən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Balakən şəhər Nəsimi adına 2 nömrəli tam orta məktəbdə Narkomaniyanın qarşısının alınmasında valideyn məsuliyyəti mövzusunda maarifləndirici seminar keçirilib. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair Dövlət Proqramı”nın müvafiq bəndinə əsasən keçirilən tədbirdə valideynlər,təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və psixoloqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəfa Emçiyeva mövzunun aktuallığını, narkotik maddələrin yeniyetmələr üçün yaratdığı təhlükələri və profilaktik tədbirlərin əhəmiyyətini vurğulayıb. O, valideyn–məktəb əməkdaşlığının gücləndirilməsinin vacibliyini xüsusi qeyd edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev mövzu üzrə təqdimatla çıxış edərək, narkotik vasitələrin cəmiyyət və insan sağlamlığı üçün yaratdığı fəsadlar, eləcə də bu istiqamətdə həyata keçirilən mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Daha sonra Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi, psixoloq Arzu Əliyeva çıxış edərək narkomaniyanın psixoloji səbəbləri, risk faktorları və erkən müdaxilənin əhəmiyyətindən bəhs edib. Seminar zamanı Komitənin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin nümayəndələri uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı fikirlərini səsləndiriblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

İnternet təhlükəsizliyi mövzusunda maarifləndirici tədbir keçirilib
18 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindənBakı şəhəri 172 nömrəli tam orta məktəbdə internet təhlükəsizliyi mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlər arasında rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarının təşviqi, kibertəhlükələr barədə məlumatlılığın artırılması və sağlam rəqəmsal vərdişlərin formalaşdırılması olub. Görüşdə Dövlət Komitəsinin əməkdaşları Rafiq Mahmudov və Ləman Mahmudova çıxış edərək, iştirakçılara internet resurslarından düzgün və məqsədyönlü istifadə, şəxsi məlumatların qorunması, kibercinayətkarlıq halları, onlayn zorakılıq (kiberbullinq) və sosial şəbəkələrdə etik davranış qaydaları barədə ətraflı məlumat veriblər. Tədbir çərçivəsində şagirdlərin sualları cavablandırılıb, onlara gündəlik rəqəmsal fəaliyyətlərində diqqətli olmaları, şübhəli hallarla qarşılaşdıqda valideynlərə və müəllimlərə müraciət etmələri tövsiyə edilib.

“Vətənpərvərlik və milli ruh” mövzusunda tədbir keçirilib
18 fevral 2026-cı il tarixində Oğuz şəhər E. Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü liseydə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın müvafiq bəndinə uyğun olaraq yuxarı sinif şagirdləri üçün “Vətənpərvərlik və milli ruh” mövzusunda tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən məktəbin direktoru Qəmzə Süleymanova tədbirin məqsədi və əhəmiyyəti barədə danışaraq, gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasının vacibliyini vurğulayıb. Daha sonra Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Anar Əliyevin anası Kişvər Əliyeva çıxış edərək, gəncləri dövlətə sədaqətli, birliyə bağlı və milli dəyərlərə sahib çıxan vətəndaşlar olmağa çağırıb. Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev gənclərin milli ruhda formalaşmasında düzgün vətəndaş mövqeyinin əhəmiyyəti və məsuliyyətli davranış modeli barədə danışıb. O, çıxışında ana dilinin və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyinə də diqqət çəkib. Daha sonra Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nicat Kərimov çıxış edərək, gənclərin könüllülük və sosial təşəbbüslərdə iştirakının milli ruhun möhkəmlənməsinə xidmət etdiyini bildirib. Tədbir zamanı Dövlət Komitəsinin Uşaq Səfirlər Məclisinin Oğuz rayon nümayəndələri də öz fəaliyyətləri barədə məlumat veriblər. Tədbir interaktiv formatda davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində dəyirmi masa keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Həyatının memarı- Sən özünsən” adlı layihə çərçivəsində dəyirmi masa keçirilib. Gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği məqsədilə keçirilən tədbirdə Dövlət Peşə Təhsil Mərkəzinin psixoloqu, müəllim heyəti və tələbələri iştirakı edib. Görüşdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova çıxış edərək, sağlam həyat tərzinin insanın fiziki və psixoloji inkişafına müsbət təsirindən danışıb, gənclərin zərərli vərdişlərə meyilliliyinin qarşısının alınmasının vacibliyini qeyd ediblər. Müzakirə formatında davam edən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, balanslı qidalanma, gündəlik fiziki aktivliyin artırılması, stressin idarə olunması və zərərli vərdişlərin fəsadları barədə geniş fikir mübadiləsi aparılıb,təklif və tövsiyələr dinlənilib. Tədbirin sonunda mövzuyla bağlı maarifləndirici kitabçalar mərkəzin kitabxanasına təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi