Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Neftçalada vətəndaş qəbulu keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 5 mart 2026-cı il tarixində, saat 10:00-da Neftçala rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda Neftçala və Salyan rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Ətraflı
Dövlət Komitəsində Xocalı soyqırımının günahsız qurbanları anılıb

26 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Çıxış edən Bahar Muradova Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib və bütün mənəvi çərçivələri aşmış bu faciəni insanlıq tarixinin qanlı səhifələrindən biri adlandırıb. Bu hadisənin tarix və reallıq olduğunu vurğulayan sədr, soyqrımın elmi-tədqiqat əsərlərində geniş şəkildə araşdırılmalı olduğunu qeyd edib. O, faciənin gələcək nəsillərə çatdırılması, insanlıq əleyhinə törədilmiş cinayət kimi qiymətləndirilməsi və günahkarların ədalət mühakiməsi qarşısında cavab verməsinin zəruri olduğunu bildirib. B.Muradova qeyd edib ki, Azərbaycan xalqı öz xarakterindən irəli gələn qətiyyətlə Ulu öndər Heydər Əliyevin siyasətinə, müstəqil Azərbaycan dövlətçiliyinin ideologiyasına sadiq qalaraq ölkəmizə qarşı törədilmiş bu cinayətə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində qarşıya qoyulan vəzifələri yerinə yetirib. Vurğulayıb ki, bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev həyata keçirdiyi hərbi-siyasi kurs və əldə olunan nəticələrlə sübut edib ki, mürəkkəb beynəlxalq şəraitdə belə dövlət iradəsi və qətiyyəti ilə ədaləti təmin edə bilər. Çıxışının sonunda Azərbaycanın öz gücü və qüdrəti naminə ərazi bütövlüyünün və suverenliyinin bərpa etdiyini xüsusi vurğulayan Komitə sədri, bu yolda canından keçən bütün şəhidlərin xatirəsini ehtiramla yad edib. Daha sonra Xocalı sakini, şəhid övladı, DİN Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının şöbə rəisi, polkovnik-leytenantı Almaz Həsənova çıxış edərək faciə ilə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Xocalı soyqırımı təkcə bir şəhərə qarşı törədilmiş cinayət deyil, bütöv bir millətin başına gətirilmiş müsibət, xalqın genofonduna, milli kimliyinə və mənəvi dəyərlərinə qarşı yönəlmiş siyasətdir. Almaz Həsənova vurğulayıb ki, Xocalı Azərbaycan xalqının sağalmayan yarasıdır və bu ağrı illər keçsə də unudulmur. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan bir daha sübut etdi ki, vicdanını, namusunu və milli ləyaqətini qorumağı bacaran güclü və iradəli bir millətdir. Bu gün Azərbaycanın üçrəngli bayrağının azad torpaqlarımızda dalğalanması şəhidlərimizin qanının yerdə qalmadığının göstəricisidir. A. Həsənova vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyev  üzərinə götürdüyü böyük missiyanı layiqincə yerinə yetirərək xalqın tarixi ədalətə qovuşması yolunda mühüm nailiyyətlər əldə edib. Tədbir zamanı Dövlət Komitəsinin əməkdaşları çıxış edərək, soyqırımının günahsız qurbanlarını, müstəqillik və azadlığımız uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Qeyd olunub ki, xalqımız şəhidlərimizin qisasını almağa qadir olduğunu əməli fəaliyyəti ilə sübut edib. Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ətraflı
Bakı şəhəri və regionlarda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 23-26 fevral 2026-cı il tarixlərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib. Təhsil müəssisələri və rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirlərdə yerli idarə və müəssisələrin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, tarix müəllimləri, şagirdlər, rayon ictimaiyyətinin nümayəndələri və Xocalıdan olan sakinlər iştirak ediblər. Tədbirlərdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın, şəhidlərimizin əziz xatirəsi yad edilib. İştirakçılara bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin mahiyyəti barədə ətraflı məlumat verilib,  haqq səsimizin dünyaya çatdırılması və soyqırımın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlərdən danışılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsindəki parlaq qələbəsi ilə düşməndən bütün şəhidlərimizin həmçinin, Xocalı soyqırımı qurbanlarının da qisasının alındığı vurğulanaraq, işğaldan azad olunmuş torpaqlarımızda yenidən həyatın canlandığı qeyd edilib. Tədbirlərdə Xocalı sakinlərinin xatirələri dinlənilib,məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Ətraflı
Dövlət Komitəsinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edib. Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri düzülüb.  

Ətraflı
Bakı şəhəri və regionlarda növbəti “Açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 25 fevral 2026-cı il tarixində psixoloq və sosial işçilərin iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, İsmayıllı rayonunun İstisu, Ağdam rayonunun Təzəkənd, Goranboy rayonunun Veyisli, Hacıqabul rayonunun Kolanı, Qəbələ rayonunun Mamaylı, Saatlı rayonunun Sarıcalar, Sabirabad rayonunun Moranlı, Zaqatala rayonunun Sumaylı, Zərdab rayonunun Yarməmmədbağı, Göygöl rayonunun Topalhəsənli kənd və qəsəbələrini əhatə edib. “Açıq qapı” günündə vətəndaşların UADM-lərin xidmətləri (psixoloji konsultasiya, Denver II qiymətləndirmə testi), Mərkəzlərlə əməkdaşlıq, aliment, müalicə və sosial müavinətlər, işlə təminat, özünüməşğulluq proqramı, əlil arabası ilə təmin olunmaq, yaşayış şəraitinin yaxşılaşdırılması üzrə müraciəti dinlənilib, müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Ətraflı
“Sağlam ailə iqliminə psixoloji baxış” mövzusunda görüş keçirilib

24 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzində “Sağlam ailə iqlimində psixoloji baxış” mövzusunda maarifləndirici görüş təşkil olunub. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli dövlətin ailə siyasətinin prioritetləri barədə danışıb, ailə dəyərlərinin qorunmasının və nəsildən-nəslə ötürülməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə görülən işlərdən bəhs edib. Gənclərin və müəllimələrin iştirakı ilə keçirilən tədbirdə mütəxəssis qismində çıxış edən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov ailədaxili münasibətlərin düzgün tənzimlənməsi, sağlam cəmiyyətin qurulmasında sosial məsuliyyətin rolu və süni intellektdən düzgün istifadə barədə geniş məlumat verib. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan görüş çərçivəsində geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Tədbirdə mövzuya uyğun olaraq, Komitə tərəfindən hazırlanan sosial çarxlar nümayiş olunub.

Ətraflı
Macarıstanda qlobal miqyasda ailə yönümlü əməkdaşlığın əhəmiyyəti müzakirə olunub

24 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Macarıstan Respublikasına işgüzar səfəri çərçivəsində Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Macarıstan Ailə Tərəfdarları Sammiti” adlı beynəlxalq konfransda iştirak edib. Sammit çərçivəsində keçirilən “Qlobal miqyasda ailə yönümlü əməkdaşlığın əhəmiyyəti” adlı panel iclasında çıxış edən Komitə sədri Macarıstan tərəfinə təşəkkürünü bildirib və ailə institutunun dövlətlərin strateji sabitliyi və milli təhlükəsizliyi üçün fundamental əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, demoqrafik azalma, nikahların gecikməsi, miqrasiya, iqtisadi qeyri-sabitlik və müharibələr ailənin davamlılığına təsir göstərir, rəqəmsal transformasiya isə həm imkanlar, həm də yeni risklər yaradır. Bu baxımdan ailə yönümlü beynəlxalq əməkdaşlığın gücləndirilməsi zəruridir. Bildirilib ki, Azərbaycanda ailə cəmiyyətin əsası kimi qiymətləndirilir və bu yanaşma “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf Strategiyası”, Dayanıqlı İnkişaf Məqsədləri və “Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da prioritet kimi əksini tapıb. B.Muradova vurğulayıb ki, pronatalitet siyasətin məqsədi yalnız statistik artım deyil, sağlam və rifahlı ailələrin formalaşdırılmasıdır: “Bu istiqamətdə sosial müdafiə mexanizmləri, gənc ailələr üçün mənzil və ipoteka proqramları, özünüməşğulluq layihələri, Uşaq və Ailələrə Dəstək Mərkəzləri və himayədar ailə modeli tətbiq olunur, həmçinin “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı” yaradılıb”. Azərbaycanın ailə siyasətində çoxtərəfli əməkdaşlığa önəm verdiyini qeyd edən sədr, 2023-cü ildə Bakıda Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarına dair ilk konfransın keçirildiyini, ötən il isə Laçında ECO-nun Qadınlar Forumunun təşkil olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, Türk Dövlətləri Təşkilatı çərçivəsində ailə və sosial siyasət nazirlərinin iclaslarının ötən il Bakıda keçirildiyi, cari ildə isə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində yaradılmış Qadınlar Şurasının ilk iclasının Bakıda keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırıb. Sonda B.Muradova Azərbaycanın multikultural və çoxkonfessiyalı cəmiyyət kimi ailə münasibətlərində qarşılıqlı hörmət və tolerantlıq modelini qoruyub saxladığını qeyd edib, ailə siyasətinin iqtisadi, sosial müdafiə, gender bərabərliyi və insan hüquqları sahələri ilə vəhdətdə həyata keçirildiyini bildirib və bütün tərəfdaş ölkələrlə açıq və səmimi əməkdaşlığa hazır olduqlarını vurğulayıb. Konfrans “Ailə dəyərlərinin qorunması-çağırışlar və məsuliyyətlər” adlı ikinci panel iclası ilə davam edib.

Ətraflı
Bahar Muradova  “Ailə dəyərlərinin qorunması – çağırışlar və məsuliyyətlər” adlı paneldə çıxış edib

24 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova  “Macarıstan Ailə Tərəfdarları Sammiti” adlı beynəlxalq konfrans çərçivəsində “Ailə dəyərlərinin qorunması – çağırışlar və məsuliyyətlər” adlı paneldə çıxış edib. O, çıxışında ailə institutunun müasir dövrdə çoxşaxəli sosial, demoqrafik və mədəni çağırışlarla üz-üzə qaldığını qeyd edərək, ailə dəyərlərinin qorunmasının dövlətlərin dayanıqlığı və təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb. B.Muradova, Azərbaycanın ailə institutunun möhkəmləndirilməsini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etdiyini və bu istiqamətdə dövlət, cəmiyyət və gələcək nəsillər qarşısında məsuliyyət prinsiplərinə əsaslanan kompleks yanaşmanın tətbiq olunduğunu bildirib. Post-münaqişə və böhran sonrası dövrdə ailələrə sosial-psixoloji dəstəyin vacibliyini vurğulayan sədr, “Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qurulan ailə və uşaq yönümlü infrastruktur layihələrindən danışıb. O, demoqrafik dayanıqlığın yalnız kəmiyyət göstəriciləri ilə deyil, sağlam, təhsilli və təhlükəsiz mühitdə formalaşan keyfiyyətli insan kapitalı ilə ölçüldüyü deyib. Dövlət Komitəsinin sədri dövlətin ailələrin sosial-iqtisadi dayanıqlığının gücləndirilməsi, valideyn məsuliyyətinin təşviqi, erkən və qohum nikahlarının qarşısının alınması, gender əsaslı zorakılıqla mübarizə, eləcə də uşaqların hüquqlarının və rəqəmsal təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlərdən bəhs edib. O, keyfiyyətli insan kapitalının formalaşdırılmasının, nəsillərarası dəyərlərin qorunmasının və gender balansının ailə institutunun davamlılığında həlledici rol oynadığını diqqətə çatdırıb, Azərbaycanın beynəlxalq platformalarda ailə yönümlü əməkdaşlığa önəm verdiyini xüsusi qeyd edib.

Ətraflı
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Qərarı uşaq və ailə hüquqlarının müdafiəsi kontekstində

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24.12.2025-ci il tarixli 20 nömrəli Qərarı (bundan sonra – Qərar) məhkəmə təcrübəsinə çoxsaylı yeniliklər gətirmişdir.             Qərar haqqında ümumi məlumatlar   Qərarın qəbul olunması məqsədləri aşağıdakılardır:  – şəxsiyyət hüquqlarının müdafiəsi və hüquqların pozulmasından irəli gələn zərərin kompensasiyası ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi - vahid məhkəmə təcrübəsinin formalaşdırılması  Qərar müasir dövrün hüquqi və sosial çağırışlarına cavab verməklə söz azadlığı ilə şəxsi hüquqlar arasında balansın qurulması, rəqəmsal mühitdə şəxsi nüfuzun qorunması kimi məsələlərdə qanunvericiliyin tətbiqində hüquqi vahidliyin və sabitliyin təmin edilməsində mühüm əhəmiyyətə malikdir.                   Qərarda şəxsiyyət hüquqlarının mahiyyəti, dairəsi və qanuni təminatları geniş açıqlanmışdır.            Şəxsiyyət (qeyri-əmlak) hüquqları – şəxsə anadangəlmə və ya qanunla mənsub olan, iqtisadi dəyəri olmayan, şəxsiyyəti ilə bağlı olmaqla ayrıla, özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla ötürülə bilməyən hüquq və azadlıqlardır.  Toxunulmaz olan şəxsiyyət hüquqlarına hörmət etmək və onları pozmamaq hər kəsin borcudur. Bu baxımdan şəxsiyyət hüquqları onu pozan hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (mütləq hüquq) və onların müdafiəsinə müddət şamil olunmur.             Şəxsiyyət hüquqlarına Azərbaycan Respublikası Konstitusiyasının III fəslində sadalanan hüquq və azadlıqlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərdə və daxili qanunvericilik aktlarında təsbit edilmiş sair hüquqlar (valideynlik, uşaqla ünsiyyət, unudulmaq hüquqları və s.) aiddir.          Şəxsiyyət hüquqlarının müdafiəsi usulları – şəxsiyyət hüquqlarının pozulmasının təsbit edilməsi, pozuntunun qarşısının alınması, pozuntunun aradan qaldırılmasıdır. Məsələn, şəxsin razılığı olmadan yayılmış şəxsi həyat məlumatlarının, video və ya foto təsvirlərinin dərhal silinməsi tələb oluna bilər, həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda, həmin media resursunda təkzib verilməsi tələb oluna bilər.               Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiya üsulları – maddi zərərin və mənəvi təzminatın ödənilməsidir. Məhkəmələr təzminat təyin edərkən pozuntunun növünü, dərəcəsini, davam etmə müddətini və baş verdiyi mühiti (məsələn, geniş auditoriyalı sosial media) nəzərə almalıdır.  Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları ilə mənəvi zərərin kompensasiyası üsulları fərqləndirilməlidir. Məsələn, əgər bir şəxsin ailə sirri sayılan yazışmaları yayılıbsa, məhkəmənin həmin yazışmaları saytdan sildirməsi müdafiə üsuludur, bu hadisəyə görə zərərçəkmişə 3000 manat ödənilməsinə qərar qəbul etməsi isə mənəvi zərərin kompensasiyasıdır.              Uşaqların şəxsiyyət  hüquqlarının müdafiəsi   Bu Qərar uşaqların şərəf və ləyaqətinin, şəxsi həyat toxunulmazlığının müdafiəsi, rəqəmsal mühitdə məlumatlarının qorunması baxımından da mühüm hüquqi əsas yaratmışdır. Belə ki, müasir cəmiyyətdə uşaq hüquqları və onların rəqəmsal mühitdə müdafiəsi prioritet sahədir.  Qərarda uşaqların şəxsi məlumatları və nüfuzu aşağıdakı ümumi prinsiplər çərçivəsində müdafiə olunur: -       adı, şəkli və şəxsi məlumatlarının açıqlanmaması -       sosial şəbəkələrdə, media və ictimai yerlərdə uşağın mənafeyinə zidd paylaşımın qarşısının alınması -       mənəvi zərərin ödənilməsi tələblərinin uşaq hüquqlarına tətbiqi  Belə ki, uşağın adı, şəkli və şəxsi məlumatları ictimaiyyətə açıqlanarkən məhkəmə bu pozuntunu hüquqi müdafiə predmetinə çevirə bilər.  Uşaqlar barədə həqiqətə uyğun olmayan məlumatın yayılması böhtan sayılır.  Uşağın travma risqini nəzərə alaraq məhkəmə mənəvi zərərin ödənilməsini tələb edə bilər.  İnternetdə uşağın məlumatlarının yayılmasına məhdudiyyət qoyulur.  Uşaqlar ictimai fiqur deyilsə, onların məlumatları ictimai marağa görə açıqlana bilməz. Qərarda uşaqların əsas şəxsiyyət hüquqlarının dairəsi göstərilmişdir. Bunlar:  - ad, ata adı və soyad daşımaq - ailədə yaşamaq və tərbiyə almaq - öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək - təhsil almaq - istismardan və zərərli təsirlərdən mühafizə olunmaq - cinsi ayrı-seçkiliyə məruz qalmamaq - cinsi istismardan, cinsi və məişət zorakılığından müdafiə olunmaq - valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq - öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq və s. hüquqları qeyd etmək olar.             Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.             Sadalanan hüquqların pozulması hüquqi nəticələr yaradır .              Ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının müdafiəsi Qərarda şəxsi və ailə sirrinin toxunulmazlığı ön plana çəkilir: - ər-arvad arasında və ya ailə üzvləri tərəfindən bir-birinin şəxsiyyət hüquqlarına (məsələn, gizli video-audio yazılarının yayılması, ailə sirrinin yayılması) müdaxilə edilməsi hüquq pozuntusu hesab olunur və zərərçəkmiş tərəf mənəvi zərərin ödənilməsini tələb edə bilər  - ailə daxilində baş verənlər və ictimaiyyət üçün açıq olmayan məlumatların, həmçinin şəxsi həyata aid məlumatların icazəsiz yayılması hüquqi məsuliyyət yaradlr.  Qərarda ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarına da mühüm diqqət yetirilmişdir.             Ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarına aşağıdakılar aid edilmişdir: - nikaha daxil olmaq hüququ - boşanmaq hüququ - ailə üzvlərindən qarşılıqlı yardım və hörmət gözləmək hüququ - ər-arvadın özünə soyad seçmək hüququ - ər-arvadın hüquq bərabərliyi - cinsi və məişət zorakılığından müdafiə olunmaq hüququ - valideynlərin uşaqların tərbiyəsində, təhsilində iştirak etmək, onlarla ünsiyyət hüququ və sair hüquqlar aiddir.  Məsələn, əgər bir valideyn digərinə uşaqla ünsiyyət qurmağa qanuni əsaslar olmadan maneə törədərsə (uşağı gizlədir, görüşə gəlmir), bu artıq, şəxsiyyət hüququna müdaxilə hesab olunur. Ünsiyyət hüququ pozan valideyn, uşaqla ünsiyyət vaxtının müəyyən edilməsi iddiası ilə eyni vaxtda mənəvi zərərin kompensasiyası tələbini də irəli sürə bilər.             Boşanmış ailələrdə ən çox rast gəlinən problemlərdən biri uşağın xaricə (müalicə, təhsil və ya istirahət üçün) aparılmasına digər valideynin razılıq verməməsidir. Əgər valideyn heç bir ciddi əsas olmadan razılıq vermirsə, bu uşağın azadlıq, təhsil və sağlamlıq hüquqlarına müdaxilə hesab olunur. Zərəçəkmiş valideyn həm öz adından, həm də uşağın qanuni nümayəndəsi kimi uşağın adından mənəvi zərər tələbi qaldıra bilər.            Qərarda göstərilir ki, məhkəmələr mübahisələrə baxan zaman uşaqlara vurulmuş zərəri qiymətləndirərkən onlara “xüsusi həssas qrup” kimi yanaşmalıdır. Bu, o deməkdir ki, uşaqların psixoloji zorakılığa və mənəvi sarsıntılara qarşı dözümlülük səviyyəsi böyüklərdən fərqli olduğu üçün, onlara vurulan mənəvi zərər daha ağır qiymətləndirilməlidir. Məsələn, valideyn ölərsə və ya xəsarət alarsa uşağın həmin valideynə möhtac olduğu yaşda olması (südəmər körpə və ya azyaşlı olması) təzminatın həcminin artırılması üçün əsasdır. Eyni zamanda, mənəvi zərərin həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, uşaqların psixoloji şiddət və zorakılığa qarşı həssaslığı daha yüksəkdir və bu səbəbdən onlar daha ağır mənəvi zərərə məruz qalırlar.           Uşaqla valideyn arasındakı mübahisələrdə iddia müddəti (vaxtın ötürülməsi) uşaq 18 yaşına çatana qədər dayandırılır. Bu, o deməkdir ki, uşaq yetkinlik yaşına çatdıqdan sonra belə, uşaqlıq dövründə pozulmuş hüquqlarına görə valideyninə qarşı iddia qaldıra bilər.              Əlavə olaraq bildiririk ki, Dövlət Komitəsi tərəfindən hazırlanmış “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanun layihəsində də uşaqların şəxsiyyət hüquqları ilə bağlı normalar öz əksini tapmışdır. Belə ki, uşağın həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan, ona fiziki və ya psixoloji əzab verən və ya verə biləcək, uşağın mənafeyinə zidd olan, müxtəlif üsullarla, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilən əməllər uşağa qarşı zorakılıq hesab edilir.             “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.12.2025-ci il tarixli 20 nömrəli Plenumunun Qərarı sözügedən qanun layihəsi qəbul edildiyi təqdirdə uşaq hüquqlarının müdafiəsinin daha da gücləndirilməsini təmin edəcəkdir. Ətraflı:  https://supremecourt.gov.az/storage/pages/2308/sexsiyyet-huquqlarinin-mudafiesine-dair-plenum-qerari.pdf    

Ətraflı