Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Qızların təhsilinə dəstək layihələri uğurla davam edir

Sevindirici haldır ki, elmə, təhsilə, qızların inkişafına, qadınların bərabər hüquqlarının təmin olunmasına, eləcə də tələbələrin motivasiyasına xidmət edən bu təşəbbüs getdikcə daha geniş vüsət alır, layihəyə töhfə vermək istəyən insanları bir araya gətirir. Milli Məclisin deputatı Fariz İsmayılzadənin təşəbbüsü və ADA Universitetinin müəllimlərinin iştirakı ilə Lənkəranda qızlar üçün ödənişsiz bacarıq inkişafı təlimləri keçirilir. Ali və ya orta ixtisas təhsil müəssisələrində təhsil alan və ya məzun olmuş qız tələbələr üçün proqramlaşdırma və kodlaşdırmanın əsasları, maliyyə, sosial media və marketinq, layihə idarəetməsi və turizm işi mövzularında proqram ADA Universitetinin müəllimləri tərəfindən keçirilir. İştirakçılar artıq ilk həftələrdən proqramın verdiyi imkanları yüksək qiymətləndirir və əldə etdikləri biliklərin gələcək karyeralarına mühüm töhfə verəcəyini bildirirlər. İştirakçılar əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar qazanır. Əsas məqamlardan biri də odur ki, təlimləri uğurla bitirən iştirakçıların CV-ləri iri holdinq və şirkətlərin insan resursları şöbələri ilə paylaşılacaq, beləliklə onların məşğulluq imkanları genişləndiriləcəkdir. Lənkəranda Təhsil İnkişaf Fondu ilə birlikdə qızlar üçün təqaüd proqramı da təqdim edilib. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin gələcək inkişafı naminə gənclərin bərabər imkanlar çərçivəsində təhsil almasının vacib olmasını nəzərə alaraq 2021-ci ildən başlayaraq “Gənc Qızların Təhsilinə Dəstək” Kampaniyasına start verilmişdir. Daha sonra layihənin davamlılığının təmin edilməsi məqsədilə AR Elm və Təhsil Nazirliyi və Dövlət Komitəsi arasında niyyət protokolu imzalanmış, “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı təsis olunmuşdur. Layihənin həyata keçirildiyi müddət ərzində 58 rayon üzrə 144 tələbə qız, 27 fərqli ali təhsil müəssisəsinə qəbul olunub. Hər kəsi dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək məqsədilə həyata keçirilən bu təşəbbüsə qoşulmağa dəvət edirik.

Ətraflı
Regionlarda növbəti “açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 27 fevral 2025-ci il tarixində növbəti “açıq qapı” günü keçirilib. Bakı şəhəri Xəzər rayonunun Şağan, Ağdam rayonunun Üçoğlan, Goranboy rayonunun Qaradağlı, Hacıqabul rayonunun Qızılburun, Qəbələ rayonunun Xırxatala, Saatlı rayonunun Qara Nuru, Sabirabad rayonunun Cavad, Zaqatala rayonunun Yuxarı Çardaxlar, Zərdab rayonunun Məmmədqasımlı kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, psixoloji konsultasiya, qəyyumluq, müalicə, sosial müavinətlər, işlə təmin olunma, özünüməşğulluq proqramı, məişət şəraitinin yaxşılaşdırılması, əlil arabası və məktəbli ləvazimatları ilə təmin olunmaqla bağlı müraciətlər yer alıb. Həmçinin, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib. “Açıq qapı” günündə vətəndaşların müraciətləri dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.

Ətraflı
Bahar Muradova Xaçmazda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xaçmazda vətəndaşları qəbul edib 3 mart 2025-ci il tarixində keçirilən qəbul zamanı Xaçmaz və Şabran rayon sakinlərinin müraciətləri dinlənilib. Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilərək, abidəsi önünə gül dəstələri qoyulub. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında alimentin ödənilməsi, sosial yardım, işlə təmin olunma, müalicə, əmlak bölgüsü və digər məsələlər yer alıb. Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb. Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.

Ətraflı
Ailə siyasətinin həyata keçirilməsi istiqamətində yaradılan İşçi Qrupun ilk iclası keçirildi

Ailə siyasətinin həyata keçirilməsi istiqamətində işlərin effektivliyinin və qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə yaradılan İşçi Qrupun 28 fevral 2025-ci il tarixində ilk iclası keçirilib. İclas iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, müasir dövrdə milli kimlik məsələləri, milli-mənəvi dəyərlər və ailə dəyərlərinə zidd olan proseslər qarşımıza ciddi çağırışlar qoyur. Ailə cəmiyyətin nüvəsi və əsasıdır deyən B. Muradova, Azərbaycan ailəsinin mövcud iqtisadi, sosial, maddi imkanlardan, resurslardan istifadə edərək inkişaf etməsi və müasirləşməsi, hüquqlarının qorunması və təhlükəsizliyinin təmin olunmasının dövlətin qarşısında duran vacib istiqamətlərdən olduğunu vurğulayıb. O bildirib ki, ailə, cəmiyyət və dövlət arasında əlaqə müxtəlif istiqamətli olmalıdır və yekun nəticədə bütün səylər bir araya gəlməlidir: “Biz qarşılıqlı əlaqəni elə təmin etməliyik ki, ailədə formalaşan uşaq dövlətin də qarşısında vətəndaş kimi cavabdeh olduğunu düşünsün. Biz bütün hərəkətlərimizlə ailəmizə, cəmiyyətə və dövlətə xidmət etdiyimizi unutmamalıyıq”. Azərbaycan ailə institutunun tarixinə nəzər salan sədr, Ümummilli lider Heydər Əliyevin, eləcə də onun siyasi xəttini davam etdirən cənab Prezident İlham Əliyevin dövlət siyasətində ailə məsələlərinə xüsusi yer verdiyini, belə məsələlərə cavab verərkən tutduğu mövqe, ümumilikdə ailə dəyərləri ilə bağlı mövqeyinin dəyişməz olduğunu xatırladıb. O, hər bir qurumun öz səlahiyyətləri çərçivəsində ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi prosesinə töhfə verdiyini qeyd edərək, təklif və tövsiyələrini səsləndirib. Daha sonra çıxış edən Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bildirib ki, ailə dəyərləri və milli dəyərlərin qorunması dövlət və vətəndaş olaraq, hər kəsin qarşısında duran prioritet məsələlərdəndir. Cəmiyyətin təməli olan ailənin qorunması istiqamətində institusional, sosial-iqtisadi tədbirlərin görülməsinə baxmayaraq, ənənəvi və milli-mənəvi dəyərlərə əsaslanan ailə institutunun son zamanlar möhkəmliyinə təsir edən amillərlə qarşılaşdığını diqqətə çatdıran A. Sofiyeva, dövlət ailə siyasəti konsepsiyasının və cavabdeh qurumları əhatə edən tədbirlər planının hazırlanmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O, ənənəvi və müasirliyin sintezi fonunda ailə dəyərlərini qoruyaraq irəli aparmaq yolunda birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb. İşçi Qrupunun üzvləri kimi iclasda iştirak edən Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, TƏBİB və Medianın İnkişafı Agentliyinin nümayəndələri genofondun qorunmasına cavabdehlik daşıyan, sosial və mənəvi əminliyi təmin edən ailələrdə münasibətlərin qorunması, bu istiqamətdə preventiv, məqsədyönlü və sistemli tədbirlərin həyata keçirilməsi, qarşıda duran məqsədlərin təkmilləşdirilməsi istiqamətində təkliflərini səsləndiriblər. Müzakirələr zamanı məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi, ailə planlaşdırılması məsələsinin önə çəkilməsi, reproduktiv sağlamlıq sahəsində bilik səviyyəsinin artırılması, mediasiya prosesində barışıq sazişlərinin əldə olunmasına səylərin gücləndirilməsi, boşanmaların artmasına təsir edən obyektiv və subyektiv səbəblərin təhlilinə əsasən bu sahədə mənfi tendensiyanın qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi, din amilinin mühüm təsirini nəzərə alaraq, bu istiqamətdə proqram və tədbirlərin intensiv təbliği ilə ziyanlı ideologiyaların qarşısının alınması, gənc ailələrlə görüşlərə ziyalıların cəlb edilməsi və digər mühüm məsələlər diqqətə çatdırılıb.

Ətraflı
“Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası keçirilib

28 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılan “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası keçirilib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, məişət zorakılığı ilə mübarizə istiqamətində fəaliyyətin Komitənin əsas hədəflərindən biri olduğunu qeyd edib. B.Muradova “Məişət zorakılığının qarşısının alınması haqqında Qanun”un qəbul olunmasından etibarən Dövlət Komitəsinin davamlı olaraq dövlət qurumlarının səlahiyyətləri çərçivəsində onlarla əməkdaşlıq etdiyini, həmçinin beynəlxalq təşkilatların bir sıra layihələrində iştirak etməklə bu ağır problemin öhdəsindən gəlməyə, eyni zamanda zərərçəkmişlərə vaxtında və müxtəlifyönümlü yardım göstərməyə çalışdığını bildirib. B.Muradova Qanunun qəbulundan keçən müddət ərzində əladə edilən təcrübənin bir sıra istiqamətlərdə qanunvericilik təşəbbüsləri ilə çıxış etmək imkanı yaratdığını qeyd edib. Daha öncə effektiv əlaqələndirmə mexanizmlərin yaradılması çağırışlarına cavab olaraq, Komitənin təklifi ilə yerli icra hakimiyyəti yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının yaradıldığını diqqətə çatdıran sədr, ictimai əsaslarla fəliyyət göstərən, səlahiyyət və öhdəliklərinin konkret çərçivələri müəyyən edilməyən bu təsisatların fəaliyyətinin dayanıqlı və hərtərəfli olmadığını deyib. O, yeni bir mexanizmin yaradılması ilə bağlı “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa ötən il edilən dəyişikliklərə əsasən Dövlət Komitəsində və bütün yerli icra hakimiyyətləri yanında məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının (MƏQ) yaradıldığını bildirib. “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”ndan irəli gələn məsələlər barədə məlumatı diqqətə çatdıran Dövlət Komitəsinin sədr müavini, Komitədə yaradılan Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Sədaqət Qəhrəmanova bildirib ki, Dövlət Komitəsində və bütün yerli icra hakimiyyətləri orqanlarında tərkibi azı 9 nəfərdən ibarət olmaqla Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları yaradılıb. Sədr müavini Dövlət Komitəsi tərəfindən yaradılan MƏQ-in tərkibi barədə məlumat verib, qrupun əsas fəaliyyət istiqamətlərindən danışıb. Qeyd edib ki, MƏQ məişət zorakılığının qarşısının alınması sahəsində qurumlararası əlaqələndirmənin həyata keçirilməsi, məişət zorakılığına qarşı cavab tədbirlərinin monitorinqinin aparılması, əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, eləcə də məişət zorakılığından zərər çəkmiş şəxsin və onun himayəsində olan yetkinlik yaşına çatmayanların hüquqlarının və təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyəti həyata keçirəcək. Dövlət Komitəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun əməkdaşı, Komitədə yaradılan MƏQ-in məsul katibi Rahil Süleymanzadə məişət zorakılığının qarşısının alınması sahəsində mövcud vəziyyət və görülmüş işlər barədə hesabatla çıxış edib. R.Süleymanzadə qeyd edib ki, məişət zorakılığının qarşısının alınması məqsədilə dövlət orqanları arasında əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsi və bu sahədə aidiyyəti orqanların fəaliyyətinin gücləndirilməsi əsas məsələlərdən biridir. 2014-cü ildən başlayaraq məişət zorakılığının qarşısının alınması istiqamətində ciddi addımlar atıldığını bildirən R.Süleymanzadə, son illərdə bu sahədə həyata keçirilən hüquqi islahatlar barədə məlumat verib.  Daha sonra MƏQ-in gələcək fəaliyyəti ilə bağlı üvzlərin təklifləri dinlənilib. Dövlət Komitəsi tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupunun tərkibində təmsil olunan ekspert Abil Bayramov MƏQ-in fəaliyyətinin səmərəli təşkili məqsədilə aidiyyəti qurumlarla birlikdə məişət zorakılığına qarşı cavab tədbirlərinin monitorinqi üzrə indikatorların işlənib hazırlanmalı olduğunu bildirib. Qeyd olunub ki, bu halda monitorinqin nəticələri daha effektiv olacaq və informasiya bazası formalaşdırmaq mümkün olacaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Məftunə İsmayılova sosial-psixoloji xidmətlərin göstərilməsi məqsədilə böhran mərkəzlərinin və qaynar xəttin yaradılmasının vacibliyini qeyd edib. Monitorinq və əlaqələndirmə qrupunun yaradılmasının əhəmiyyətini qeyd edən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, qrupun işi qurumların bu prosesə hazırlığını, yanaşmasını və çevikliyini göstərəcək. M.Zeynalova bildirib ki, müvafiq sahəyə məsul əməkdaşlar mütəxəssis hazırlığına cəlb olunmalıdır. Sonda MƏQ-in fəaliyyəti və əhəmiyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə brifinq təşkil olunub.

Ətraflı
Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən ailələlərə səfər edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 24-28 fevral 2025-ci il tarixlərində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqlər aparılıb, uşaqların yaşayış şəraiti, sağlamlıq və təhsil vəziyyəti ilə maraqlanılıb. Monitorinqlər zamanı ailələrə uşaqların şəxsi inkişafı və təhlükəsizliyi ilə bağlı zəruri tövsiyələr verilib. Qeyd edək ki, ümumilikdə 60-dan çox uşaqla monitorinq qiymətləndirmələr aparılıb və bu istiqamətdə ailə səfərləri davam etdirilir.

Ətraflı
“Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun fəaliyyəti və əhəmiyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə brifinq təşkil olunub

28 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılan “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası keçirilib. İclasın sonunda MƏQ-in fəaliyyəti və əhəmiyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə brifinq təşkil olunub. Media nümayəndələrinin “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun fəaliyyəti və əhəmiyyəti, eləcə də əsas fəaliyyət istiqamətləri barədə sualları cavablandırılıb.

Ətraflı
Məktəb psixoloqlarının məişət zorakılığı və onun qarşısının alınması sahəsində maarifləndirilməsi məqsədilə təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan təlimdə Xəzər rayonu ərazisində yerləşən məktəblərin psixoloqları iştirak edib. Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavini, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun rəhbəri Lalə Əhmədova tədbir iştirakçılarını salamlayaraq, məişət zorakılığı ilə bağlı mövcud vəziyyət barədə məlumat verib. Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev məişət zorakılığı hallarının aşkar olunması və dərhal müdaxilə edilməsi sahəsində tövsiyələrini diqqətə çatdırıb. Təlimdə Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun əməkdaşı İradə Məmmədova “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu və məişət zorakılığına məruz qalmış şəxslərin müdafiəsi”, BDU-nun psixologiya kafedrasının müəllimi, psixoloq Emiliya İgidova “Məişət zorakılığına məruz qalmış uşaq və yeniyetmələrin psixodiaqnostikası” və BDU-nun psixologiya kafedrasının müəllimi, psixoloq Ülkər Qurbanova “Məişət zorakılığına məruz qalmış şagirdlərlə məktəb psixoloqunun iş taktikası” mövzusunda təqdimatla çıxış ediblər. Sual-cavab sessiyası ilə davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Ətraflı
“Qadın iştirakçılığının təbliği” mövzusunda konfrans panel müzakirələri ilə yekunlaşıb

Rəsmi hissədən sonra “Qadın iştirakçılığının təbliği” mövzusunda konfrans panel müzakirələrlə davam edib. “Bərabərlikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi” mövzusuna həsr olunan ilk panel müzakirəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin moderatorluğu ilə keçirilib. “Əməyin ödənilməsində bərabərlik hüququ: reallıq və perspektivlər” mövzusunda çıxış edən Azərbaycan Respublikasının əmək və əhalinin  sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sözügedən hüququn təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Ölkəmizdə geniş məşğulluq proqramlarının qəbul edildiyini qeyd edən nazir müavini, bu sahədə gender bərabərliyinin təmin olunmasının, qadınların əmək bazarında aktivliyinin artırılmasının əhəmiyyətindən danışıb. “Rəhbər və qərarverici mövqelərdə bərabər təmsilçilik” mövzusunda çıxış edən Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Komitəsinin üzvü Mübariz Qurbanlı qadın və kişi bərabərliyinin konstitusiyamızda təsbit edildiyini bildirib. Qadınların idarəetmədə say tərkibi ilə bağlı illər üzrə statistik göstəriciləri diqqətə çatdıran M.Qurbanlı, rəqəmlərin illər ötdükcə artdığını qeyd edib. İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdir müavini Arzu Tairquliyeva-Nağıyeva “Dayanıqlı və yüksək iqtisadi artım: rifah və inkişafda bərabər imkanlar” mövzusunda çıxış edib. O, dayanıqlı və yüksək iqtisadi artımın təmin edilməsində bərabər təmsilçiliyin təsirindən, əmək bazarında qadın və kişilərə məvacibin ödənilməsində fərqli münasibətlərin qarşısının alınması istiqamətində maarifləndirmənin önəmindən danışıb. Qadınların iqtisadi səlahiyyətləndirilməsi sahəsində dövlət tərəfindən görülən işlər haqqında məlumat verib. Konfrans Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilə "Möhkəm ailə institutu güclü dövlətin və ahəngdar cəmiyyətin sarsılmaz bünövrəsidir” mövzusuna həsr olunan ikinci panellə davam edib. Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilinin “İnsan kapitalının inkişafı məsələləri dövlət və cəmiyyət müstəvisində” mövzusunda çıxışı dinlənilib. Ölkəmizdə insan kapitalının formalaşmasında ailənin rolundan bəhs olunub, qadınlarımızın müxtəlif sahələrdə iştirakçılığı ilə bağlı göstəricilərin digər ölkələrdəki vəziyyətlə təhlili aparılıb.            “Vətəndaş həmrəyliyinin gücləndirilməsində ailə institutunun yeri və rolu” mövzusunda çıxış edən Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Pərvin Kərimzadə Azərbaycanda ailəni cəmiyyətin əsası adlandırıb və müasir dövrdə qərbə inteqrasiyanın təbliğ olunduğu bir zamanda ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlandığını qeyd edib. O, belə dəyərlərlə formalaşan uşaqların cəmiyyəti inkişafa apardığını bildirib. Panelin davamında “Ailə institutu: cəmiyyət və dövləti birləşdirən harmonik münasibətlər sistemi” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova, qadınlarımızın ağlı və zəkası ilə cəmiyyətin müxtəlif sahələrində, xüsusilə də hüquq-mühafizə, həmçinin prokurorluq orqanlarında təmsil olunduğunu diqqətə çatdırıb. Müzakirələr zamanı ailə institutunun Azərbaycan xalqının yüksək mənəvi dəyərlərinin qoruyucusu,  genefondun daşıyıcısı kimi inkişafında xüsusi rol oynadığı, gənc nəslin təlim-tərbiyəsinin formalaşmasına, cəmiyyətin inkişafına, dövlətin sağlam dəyərlər üzərində qurulmasına təsir göstərdiyi vurğulanıb. Ailə institutunun möhkəmləndirilməsinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas xətt olaraq müəyyən edildiyi qeyd edilib. Konfrans yekun müzakirələrlə başa çatıb.  

Ətraflı