Media
Xəbərlər

Xankəndidə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüş keçirilib
5 iyun 2026-cı il tarixində Xankəndi şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüş təşkil olunub. Qarabağ Universitetində keçirilən tədbirdə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və peşəkar inkişafının dəstəklənməsi, onların ictimai həyatda fəal iştirakının təşviqi məsələləri müzakirə olunub. Tədbirin açılışında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı Ədibə Quliyeva layihənin qadınların inkişafına yönəlmiş mühüm təşəbbüslərdən biri olduğunu qeyd edib, onların cəmiyyət həyatında daha fəal iştirakının vacibliyini vurğulayıb. Universitetinin Tələbələrlə iş mərkəzinin direktoru Gülşən Qasımzadə, Dövlət Komitəsinin əməkdaşı Aytəkin Quliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Aytac Əjdərli çıxışlarında qadınların səlahiyyətləndirilməsi istiqamətində görülən işlərdən, onların inkişafı üçün yaradılan imkanlardan və regionlarda həyata keçirilən maarifləndirici layihələrin əhəmiyyətindən danışıblar. Görüş müxtəlif sahələrdə uğur qazanan qadınların TEDx formatında çıxışları ilə davam edib. Azərbaycan Memarlıq İttifaqının katibi Şeyda Novruzzadə və ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova öz uğur hekayələri, təcrübələri və fəaliyyət istiqamətləri barədə iştirakçılarla bölüşərək şəxsi inkişaf, liderlik və motivasiya mövzularında fikir mübadiləsi aparıblar. Çıxışlardan sonra iştirakçıların suallarıcavablandırılıb. Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə həyata keçirilir.

“Həyatının memarı – Sən özünsən” layihəsi çərçivəsində maarifləndirici görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri Binəqədi rayonunda yerləşən 276 nömrəli tam orta məktəbdə “Həyatının memarı – Sən özünsən” layihəsi çərçivəsində maarifləndirici görüş keçirilib. Yeniyetmələr arasında maarifləndirmə işinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunan tədbirdə psixoloqlar, müəllimlər və şagirdlər iştirak ediblər. Görüşdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova çıxış edərək sağlam həyat tərzinin insanın fiziki və psixoloji inkişafına müsbət təsirindən bəhs ediblər. Çıxışlarda zərərli vərdişlərin fərd və cəmiyyət üçün yaratdığı mənfi nəticələr, eləcə də onların qarşısının alınması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib. Müzakirə formatında davam edən görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara mövzu ilə bağlı maarifləndirici çap materialları təqdim olunub.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 1–5 iyun 2026-cı il tarixlərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində müxtəlif maarifləndirici tədbirlər və ekskursiyalar təşkil olunub. Tədbirlərdə mərkəzlərin əməkdaşları, müəllimlər, ekspertlər və şagirdlər iştirak ediblər. Çıxışlarda Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamının əhəmiyyəti vurğulanıb, ölkədə həyata keçirilən şəhərsalma və quruculuq işləri, tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın zəngin memarlıq irsinin qorunması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət daşıyır. Tədbirlər çərçivəsində uşaqlar mövzu üzrə təqdimatlar edib, yaşadıqları ərazilərin inkişafı ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Məktəblilər ekoloji cəhətdən təmiz, təhlükəsiz və rahat yaşayış mühitinin formalaşdırılmasına dair müxtəlif ideyalar təqdim ediblər.

Ailələrimizi tanıyaq” layihəsi davam edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq, müsbət ailə nümunələrini geniş ictimaiyyətə çatdırmaq və ailə dəyərlərinin təbliğinə töhfə verməkdir. Bu layihə çərçivəsində müxtəlif bölgələrdə yaşayan, uzunömürlü və möhkəm ailə münasibətləri ilə seçilən ailələrin həyat təcrübələri, ailə dəyərlərinə baxışları və gənc nəslə tövsiyələri ictimaiyyətlə bölüşülür. Növbəti qonağımız Hacıqabul rayonundan olan Gözəlovlar ailəsidir. 49 ildir birgə ömür sürən Gözəlovlar ailəsinin 3 övladı və 7 nəvəsi var. Övladları ali təhsil alaraq müxtəlif sahələrdə fəaliyyət göstərir və ölkəmizin inkişafına öz töhfələrini verirlər. Ailənin başçısı Əlisafa Gözəlov uzun illər Dəmiryol İdarəsində və “Azərpoçt” müəssisəsində çalışıb, hazırda təqaüddədir. Həyat yoldaşı Gülüstan Almazova isə uzun illər təhsil sahəsində müəllim, direktor müavini və direktor kimi fəaliyyət göstərib. Gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülən G.Almazova hazırda təqaüddədir. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik: - Xoşbəxt və uzunömürlü evliliyin sirri nədədir? G.Almazova: “Uzunömürlü və xoşbəxt ailə həyatımızın əsas sirri qarşılıqlı anlaşma, hörmət və güzəştə getməyi bacarmağımızdadır”. Ə.Gözəlov: “Biz hər zaman bir-birimizi dinləmiş, fikir və qərarlarımıza anlayışla yanaşmışıq. Yəni sözün əsl mənasında, birimizin sözü digərimiz tərəfindən qəbul olunub və dəyərləndirilib”. Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Əlbəttə, hər bir ailədə olduğu kimi, bizim ailədə də zaman-zaman fikir ayrılıqları və anlaşılmazlıqlar baş verir. Lakin biz bu hallarda emosiyalara qapılmadan, sakit və qarşılıqlı hörmət çərçivəsində məsələləri müzakirə etməyə üstünlük veririk. Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır ? G.Almazova: “Övladların vətənə, dövlətə layiqli insan kimi yetişməsi ilk növbədə ailədən başlayır. Mən həmişə çalışmışam ki, uşaqlarıma nəzarət edim. Onların tərbiyəsi, davranışı, kimlərlə ünsiyyətdə olmaları daim diqqətimdə olub. Eyni zamanda, uşaqlara düzgün dəyərlər aşılamaq, onlara zəhmətkeşliyi, böyüyə hörməti, kiçiyə qayğını öyrətmək çox vacibdir. Hesab edirəm ki, sevgi, nəzarət və düzgün tərbiyə birlikdə olduqda, övladlar cəmiyyət üçün faydalı və layiqli vətəndaş kimi yetişirlər”. Valideyn-övlad münasibətlərini ailənizdə necə tənzimləmisiniz? Ə.Gözəlov: “Övladlarımı sərtliklə yox, daha çox söhbət və nəsihətlə tərbiyə etməyə üstünlük vermişəm. Onların fikrinə də dəyər vermişik, amma düzgün yol göstərməyi də unutmamışıq. Hesab edirəm ki, valideyn-övlad arasında hörmət, etibar və səmimi münasibət olduqda ailə daha möhkəm olur”. G.Almazova: “Valideyn-övlad münasibətləri ailənin ən həssas və ən vacib tərəfidir. Mən bu məsələyə hər zaman ciddi yanaşmışam. Həm evdə, həm də işimdə qazandığım təcrübə mənə göstərib ki, uşaqlarla münasibət təkcə nəzarət deyil, eyni zamanda düzgün istiqamət vermək və onları dinləmək deməkdir”. Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki bugünə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz? Düzünü desək, bu gün geriyə baxdıqda övladlarımızın tərbiyəsi ilə bağlı xüsusi bir təəssüf hissi keçirmirik. O dövrün imkanları və şəraiti daxilində bacardığımız qədər düzgün tərbiyə verməyə, onlara yol göstərməyə çalışmışıq. Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Ailə qurmaq istəyən gənclərə ən əsas məsləhətimız odur ki, tələsik qərar verməsinlər və bir-birini yaxşı tanımağa vaxt ayırsınlar. Ailə təkcə sevgi üzərində yox, həm də qarşılıqlı hörmət, səbir və anlayış üzərində qurulmalıdır. Ailənin qorunması və uzunömürlü olması üçün gənc ailələrə hansı məsləhətləri verərdiniz? Gənc ailələrə ən böyük məsləhətimiz odur ki, ailəni qorumağın əsasını qarşılıqlı hörmət, səbir və anlayış təşkil edir. Ailə qurmaq təkcə birlikdə yaşamaq deyil, həm də bir-birinə dayaq olmaq, çətin gündə də, xoş gündə də bir komanda kimi hərəkət etmək deməkdir. Sevgi ilə yanaşı, hörmət və etibar da daim qorunmalıdır. Hörmətli Gözəlovlar ailəsinə fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

“Ailəm könüllüləri” Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailəm könüllüləri” proqramı iştirakçılarının Qəbələ rayonuna səfəri təşkil olunub. Səfər zamanı gənclər Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, mərkəzin mütəxəssisləri ilə müxtəlif sosial məsələlər üzrə real keysləri müzakirə ediblər. Görüşdə “Ailəm könüllüləri”nin üç aylıq fəaliyyət dövründə əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə interaktiv yarış keçirilib. Proqram çərçivəsində iştirakçıların dünyagörüşünün genişləndirilməsi məqsədilə Qəbələ Arxeoloji Mərkəzinə ekskursiya da təşkil olunub. Burada gənclər arxeoloji eksponatlarla tanış olub, Azərbaycanın qədim tarixini əks etdirən maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat əldə ediblər. “Ailəm könüllüləri” proqramı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən gənclərin ictimai fəallığının artırılması, onların sosial təşəbbüslərə cəlb olunması, eləcə də milli-mənəvi və ailə dəyərlərinin təbliği məqsədilə uğurla həyata keçirilir.

“Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda məktəb psixoloqları üçün seminarlar başa çatıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəb psixoloqları üçün“Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi”mövzusunda seminarlar başa çatıb. Son seminar 3 iyun 2026-cı il tarixdə Bərdə rayonunda keçirilib. Seminar məişət zorakılığından zərər çəkmiş uşaqların vaxtında müəyyən edilməsi və psixoloji yardım göstərilməsi, məktəb psixoloqlarının bu sahədə rolunun artırılması və gələcəkdə bu kimi halların qarşısının alınması sahəsində maarifləndirilməsi məqsədi ilə təşkil edilib. Bərdə Rayon İcra Hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Əlzamin İsayev tədbir iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətini diqqətə çatdırıb, mövzunun aktuallığını vurğulayıb. Daha sonra Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin psixoloqu Nərmin Abbasova “Məişət zorakılığının diaqnostikası və fəsadları”, Bərdə Loqos psixoloji və nitq mərkəzinin psixoloqu Əşrəf Quliyev “Məişət zorakılığı fonunda böyüyən uşaqlara məktəbdə psixoloji dəstək” mövzusunda təqdimatla çıxış ediblər. Seminar sual-cavab sessiyası ilə davam edib. Ümumilikdə ölkə üzrə 6 rayonu əhatə edən təlim proqramı çərçivəsində seminarlar daha öncə Gəncə, Sumqayıt, Lənkəran şəhərləri, Abşeron və Quba rayonlarında da keçirilib.

“Ailələrimizi tanıyaq” layihəsi davam edir
Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə böyük önəm verən nümunəvi ailələri cəmiyyətə tanıtmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihəmizin növbəti qonağı Göygöl rayonundan olan, nümunəvi həyat tərzi ilə seçilən Həsənovlar ailəsidir. Nazim Həsənov 1950-ci ildə Goranboy rayonunda anadan olub. Şuşa Kənd Təsərrüfatı Texnikumunda baytar feldşeri ixtisası üzrə təhsil alıb, uzun illər Pənahlılar kəndində baytar həkimi kimi çalışıb. Eyni zamanda atçılıqla da məşğul olub. Həyat yoldaşı Raya Məmmədova 1952-ci ildə Göygöl rayonunda anadan olub. Ali təhsillidir. Kirovabad (Gəncə) Pedaqoji Məktəbində rəsmxət və rəsm müəllimliyi ixtisası üzrə təhsil alıb. Uzun illər Pənahlılar kənd orta məktəbində rəsmxət müəllimi kimi fəaliyyət göstərib. Bununla yanaşı, xalçaçılıq sənəti ilə də məşğul olub. 50 ildən artıqdır birgə ömür sürən Həsənovlar ailəsinin 6 qız övladı, 16 nəvəsi və 4 nəticəsi var. Övladlarının hər biri ailə həyatı qurub və hazırda böyük, mehriban bir ailə olaraq həyatlarını davam etdirirlər. Nəvələrinin əksəriyyəti ali təhsil alıb, bir qismi isə artıq müxtəlif sahələrdə əmək fəaliyyətinə başlayıb. - Xoşbəxt ailənin sirri nədədir? Nazim Həsənov: “Xoşbəxt ailənin əsas sirri qarşılıqlı anlayış, hörmət və bir-birini dinləməkdir. Ailədə mehribanlıq və səbir olduqda bütün çətinliklərin öhdəsindən gəlmək mümkündür. Eləcə də ailədə anlaşılmazlıqların həlli üçün sakit şəkildə müzakirə aparmaq, düzgün ünsiyyət çox vacibdir. Hər kəs bir-birini dinləməli və ortaq qərara gəlməlidir”. - Ailədə valideyn-övlad münasibətləri necə qurulmalıdır? Raya Məmmədova: “Övladlarımıza düzgün tərbiyə vermək, onların təhsilinə diqqət yetirmək və daim valideyn nəzarətində saxlamaq vacibdir. Ailədə valideyn-övlad münasibətləri hərzaman qarşılıqlı hörmət və qayğı üzərində qurulmalıdır. Uşaqların fikrinə hörmət edilməli,eyni zamanda onlara məsuliyyətli olmaq aşılanmalıdır”.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiya xidmətlərindən yararlanan uşaqlar üçün bayram proqramı təşkil edilib. Tədbir çərçivəsində uşaqların emosional rifahının və sosial bacarıqlarının inkişafına dəstək məqsədilə qrup terapiyası fəaliyyətləri keçirilib, mərkəzdə bayram ab-havası yaradılıb və uşaqlara müxtəlif hədiyyələr təqdim olunub. Bayram proqramı çərçivəsində uşaqlar Sea Breeze ərazisində təşkil olunan əyləncəli tədbirdə də iştirak ediblər. Burada onlar müxtəlif oyun və əyləncə fəaliyyətlərinə qoşularaq asudə vaxtlarını səmərəli keçirib, yaşıdları ilə ünsiyyət qurublar.

Komitə sədri Bahar Muradova "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə bağlı media nümayəndələrinin suallarını cavablandırıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “1 İyun– Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Mənim səsim–mənim hüquqlarım” mövzusunda keçirilən konfrans çərçivəsində Komitə sədri Bahar Muradova media nümayəndələri üçün brifinq keçirib. Brifinq zamanı jurnalistlərin uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, qızların təhsilinə dəstək layihələri,“Roblox” platformasının Azərbaycandakı fəaliyyəti və uşaqların zərərli informasiyadan qorunması sahəsində həyata keçirilən tədbirlər, eləcə də ölkənin demoqrafik göstəriciləri ilə bağlı sualları cavablandırılıb. Bahar Muradova bildirib ki, uşaqların hüquqlarının müdafiəsi və onların qanunvericiliklə qorunan hüquqlarının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. O vurğulayıb ki, uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi, onların hüquq və maraqlarının qorunması istiqamətində həm dövlət qurumları, həm də cəmiyyətin bütün üzvləri məsuliyyət daşıyırlar. Komitə sədri media nümayəndələrini uşaqlarla bağlı mövzuları daim diqqətdə saxlamağa, onların işıqlandırılmasında həssas və məsuliyyətli yanaşma nümayiş etdirməyə çağırıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi