Media
Xəbərlər

“Cəmiyyətin inkişafı hamı üçün təhlükəsizlikdən başlayır” mövzusunda konfrans keçirilib
25 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Cəmiyyətin inkişafı hamı üçün təhlükəsizlikdən başlayır” mövzusunda konfrans keçirilib. Tədbir “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində təşkil olunub. Konfrans açılış nitqləri ilə başlayıb. Dövlət Komitəsinin sədri Bahar Muradova, konfransın məqsədinin qadınlara qarşı zorakılığa sıfır tolerantlıq mesajını bir daha cəmiyyətə çatdırmaq və hər bir zorakılıq halına biganə qalmamağın vacibliyinə diqqət çəkmək olduğunu vurğulayıb. O, gender əsaslı zorakılığın bu gün təkcə fiziki və psixoloji deyil, həm də rəqəmsal mühitdə yeni formalar aldığını qeyd edib. Əlavə edib ki, bütövlükdə cəmiyyətin inkişafına, sosial rifaha və təhlükəsizliyə təsir edən sistem xarakterli bu məsələnin qarşısının alınması üçün dövlət, hüquq-mühafizə, sosial xidmət orqanları və vətəndaş cəmiyyətinin, o cümlədən medianın birgə səyləri mühüm əhəmiyyət daşıyır. Qadın və uşaq hüquqları, gender bərabərliyi və insan kapitalının inkişafının ölkənin prioritet istiqamətlərini təşkil etdiyini diqqətə çatdıran B. Muradova, bu sahədə mövcud qanunvericilik bazasından söz açıb, həmçinin edilən son dəyişikliklərə toxunub. Gender əsaslı zorakılığa qarşı effektiv mübarizənin yalnız çoxsektorlu və koordinasiyalı əməkdaşlıqla mümkün olduğunu deyib. BMT və digər tərəfdaşlarla əməkdaşlığın gender bərabərliyinin təşviqi, zorakılığa qarşı dayanıqlı həllərin hazırlanması və zərərçəkmişlər üçün təhlükəsiz xidmətlərin genişləndirilməsi baxımından mühüm rol oynadığını vurğulayaraq, tədbirin bu istiqamətdə yeni fikir və təşəbbüslərə təkan verəcəyinə inamını ifadə edib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycanın 2024-cü ildə Qlobal Rəqəmsal Paktı dəstəkləyən 143 BMT üzvündən biri olduğunu və yaxın müddətdə Kibercinayətkarlığa qarşı BMT Konvensiyasını imzaladığını deyib. Əlavə edib ki, bu ölkənin kibertəhlükəsizlik sahəsində məsuliyyətli mövqeyini nümayiş etdirir. O, Azərbaycanın 2023–2027-ci illər üçün ilk kompleks kibertəhlükəsizlik yol xəritəsini qəbul etdiyini vurğulayıb və bu strategiyanın rəqəmsal müdafiə imkanlarının gücləndirilməsi, kritik infrastrukturun qorunması, eləcə də qadın və uşaqlar daxil olmaqla fərdlərin onlayn təhlükəsizliyinin artırılmasına xidmət etdiyini, rəqəmsal zorakılığa qarşı mübarizədə mühüm baza rolunu oynadığını qeyd edib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında parlamentdə məişət zorakılığı ilə mübarizə və gender bərabərliyinin təmin olunması sahəsində mövcud qanunvericiliyə mühüm dəyişikliklərin edildiyini, lakin rəqəmsal dünyanın yaratdığı yeni təhdidlər fonunda əlavə tədbirlərin zəruri olduğunu bildirib. Əli Hüseynli ölkənin gender bərabərliyi və zorakılığın qarşısının alınması üzrə milli və beynəlxalq öhdəliklərinə sadiq qaldığını, məqsədin isə zorakılığın sosial norma kimi qəbul edilmədiyi, təhlükəsizlik və bərabərliyə əsaslanan cəmiyyət qurmaq olduğunu qeyd edib. Komitə sədri həmçinin Azərbaycanda zorakılıqla mübarizə sahəsində mühüm nəticələrin əldə edildiyini və bu məsələdə cəmiyyətin birliyinin müşahidə olunduğunu vurğulayıb. Daha sonra konfrans panel müzakirələrlə davam etdirilib. Sessiyaya BMT Qadınlar Azərbaycan ofisinin proqram mütəxəssisi Pərvanə Bayramova moderatorluq edib. İlk panelçi - Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva sosial media və rəqəmsal mühitdə gender əsaslı zorakılığın artan təhdidlərindən danışıb və məsələyə proaktiv yanaşmanın vacibliyini vurğulayıb. Bu sahədə effektiv kommunikasiyanın əhəmiyyətinə toxunub, statistik göstəriciləri diqqətə çatdırıb. Növbəti panelçi - “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, Komitə yanında yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupunun (MƏQ) üzvü Mehriban Zeynalova müvafiq sahədə dəstək xidmətlərinin rolundan danışıb. O, məişət zorarkılığı ilə mübarizə sahəsində fəaliyyət göstərən dəstək mərkəzlərinin effektiv fəaliyyəti üçün beynəlxalq təcrübə ilə yanaşı, milli xüsusiyyətlərin nəzərə alınmasının vacibliyinə diqqət çəkib. Sonuncu panelçi - Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi, Komitə yanında yaradılmış MƏQ-in katibi Rahil Süleymanzadə məişət zorakılığının qarşısının alınması sahəsində mövcud qanunvericiliyin tətbiqi mövzusunda çıxış edib. Azərbaycan qanunvericiliyində həyata keçirilən islahatlar barədə məlumat verib, son dəyişiklikləri diqqətə çatdırıb. Qeyd edib ki, monitorinq qruplarının yaradılması koordinasiyalı fəaliyyətin gücləndirilməsinə səbəb olub. MƏQ-in rəhbəri kimi panel çıxışlara münasibətini bildirən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məişət zorakılığının qarşısının alınmasında yerli icra hakimiyyətləri və monitorinq qruplarının fəaliyyətinin gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Müzakirələrin davamında mövzular ekspertlər tərəfindən daha dərindən təhlil olunub, suallar cavablandırılıb. Konfransın yekununda təklif və tövsiyələr dinlənilib.

Komitə əməkdaşları Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Saray Əngəlsiz Yaşam Baxım və Reabilitasiya Mərkəzində olublar
Ankara şəhərində səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri 25 noyabr 2025-ci il tarixində Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Saray Əngəlsiz Yaşam Baxım və Reabilitasiya Mərkəzində olublar. Səfər çərçivəsində nümayəndə heyətinə mərkəzin fəaliyyəti, xidmət istiqamətləri və burada yaradılmış şərait barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu müəssisə Ankarada yerləşən ən böyük baxım və reabilitasiya mərkəzlərindən biridir və uzun illərdir ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial inteqrasiyasına mühüm töhfə verir. Mərkəz fiziki və əqli qüsurlu şəxslər üçün rahat yaşayış şəraiti, gündəlik qayğı, tibbi dəstək və reabilitasiya xidmətləri təşkil edilir. Hazırda mərkəzdə ümumilikdə 824 nəfər xüsusi qayğıya ehtiyacı olan vətəndaşın yaşayışı və müalicəsi təmin olunur. Ziyarət zamanı nümayəndə heyəti mərkəzdə göstərilən xidmətlərin yüksək səviyyəsini və əlilliyi olan şəxslərin sosial rifahının təmin olunmasına yönəlmiş genişmiqyaslı işləri yüksək qiymətləndirib.

Dövlət Komitəsinin nümayəndələri Ankara şəhərində səfərdədir
Noyabrın 24-də müvafiq dövr ərzində görülmüş işlərin hesabatının təqdim edilməsi, eləcə də yeni Fəaliyyət Planının hazırlanması məqsədilə Dövlət Komitəsinin “Ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu”nun 2023–2025-ci illər üzrə Fəaliyyət Planı üzrə məsul şəxslərindən ibarət nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri başlayıb. Səfər çərçivəsində tərəflər ailə, qadın və uşaq siyasəti sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində bir sıra görüşlər keçirir. Səfərin ilk günündə iki ölkənin müvafiq qurumlarının iştirakı ilə hazırkı dövr üçün dəyərləndirmə iclası təşkil olunub. İclasda hər iki tərəfin İşçi qruplarının rəhbərləri – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva və Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin rəisi Serra Diptaş Yamanın açılış çıxışları dinlənilib. Daha sonra Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 4 noyabr 2022-ci il tarixində imzalanmış “Ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə Fəaliyyət Planı" 2023–2025-ci illər üzrə Hesabatı təqdim olunub. Qeyd olunub ki, Fəaliyyət Planı üzrə 3 il ərzində iki rəsmi səfər, eləcə də hər iki qurum rəhbərləri və müavinlər səviyyəsində TDT ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin iclası, COP29, BMT konfransları çərçivəsində 7-dən çox görüş keçirilib. Vurğulanıb ki, bu görüşlərdə əməkdaşlığın institusional səviyyədə gücləndirilməsi prioritet məsələlərdən olub. İclas çərçivəsində həmçinin Türkiyə Respublikasının insan alverinə qarşı mübarizə və maarifləndirmə sahəsində təcrübəsi, ötən dövr ərzində həyata keçirilən birgə layihələrdən danışılıb, eləcə də qarşılıqlı təşəbbüslərin nəticələri və əldə olunan irəliləyişlər müzakirə edilib.

Psixoloqların ailələrlə iş üzrə bilik və bacarıqlarının, peşəkarlığının artırılması istiqamətində keçirilən 5 günlük təlim başa çatıb
17-21 noyabr 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən təlimdə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin, səhiyyə və təhsil müəssisələrinin, özəl müəssisələrin və QHT-lərin ailələrlə iş üzrə mütəxəssisi iştirak edib. 17-19 noyabr tarixlərində iştirakçılara Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olan Xüsusi Dünya Psixoloji Ailə Məsləhət Mərkəzinin (“Özel Dünya Psikoloji Aile Danışmanlık Merkezi”) klinik psixoloqu Eylem Atlas tərəfindən “Ailədə ər-arvad arasında və ailədaxilində mövcud ünsiyyət problemlərinin həlli yolları”, “Ailədaxili münasibətlərin dinamikliyi, valideyn məsuliyyətinin bölüşdürülməsi”, “Valideynlərin uşaqların rəqəmsal mediada mövcud təhlükələrdən qorunma yolları barədə məlumatlandırılması” mövzularında təqdimatlar, videoçarxlar vasitəsilə məlumatlar verilib. 20-21 noyabr tarixlərində isə ölkəmizdə səfərdə olan Türk Qızılay Akademiyasının Təhsilin planlaşdırılması və həyata keçirilməsi üzrə mütəxəssisi Nurgül Poyraz və Təlim proqramlarının və təlimçilərin hazırlanması üzrə mütəxəssis Serpil Uygun Çiçek tərəfindən iştirakçılara peşəkar təlimçi bacarıqları, ünsiyyətin düzgün qurulması, təqdimatın hazırlanma qaydaları və s. istiqamətlər üzrə məlumatlar verilib. İnteraktiv formada keçən təlim zamanı iştirakçılara mütəxəssislər tərəfindən hazırlanmış və Azərbaycan dilinə tərcümə edilmiş materiallar təqdim olunub. Sonda iştirakçılar sertifikatla təltif olunublar. Qeyd edək ki, təlim Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”na və “Azərbaycan Respublikasında sosial-xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.1-ci bəndinə uyğun olaraq keçirilib.

Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu üzvləri üçün təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 21 noyabr 2025-ci il tarixində Yardımlı rayonunda Lənkəran Şəhər İcra Hakimiyyəti, Yardımlı, Astara, Masallı, Cəlilabad, Biləsuvar və Lerik Rayon İcra Hakimiyyətlərində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu (MƏQ) üzvləri üçün təlim keçirilib. Təlimin məqsədi MƏQ üzvlərini “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən yeni düzəlişlərlə tanış etməklə yanaşı, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində profilaktik işin aparılması kimi məsələlərin müzakirə edilməsidir. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının müavini, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun rəhbəri Miramil Səmədli tədbir iştirakçılarını salamlayaraq, rayonda məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər barədə iştirakçıları məlumatlandırıb. Çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, respublika üzrə rayon və şəhər icra hakimiyyətlərində yaradılmış MƏQ-lərin fəaliyyətlərini həyata keçirən zaman “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutmalıdır. O həmçinin bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi, rayon üzrə qeydə alınmış münaqişəli ailələrlə işin aparılması, risk qrupuna aid olan ailələrin aşkar edilməsi, sistemli fəaliyyət və xüsusilə bələdiyyələrin rolunun vacibliyini diqqətə çatdırıb. Təlimdə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektorun əməkdaşı İradə Məmmədova mövzu üzrə təqdimatla çıxış edərək, MƏQ-in fəaliyyəti və hüquqi müstəvidə görülməli olan tədbirlər, bu sahədə qanunvericiliyə edilən yeni dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib. Həmçinin Komitənin Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova tərəfindən Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarının təhlili verilib, eyni zamanda nöqsanların aradan qaldırılması və zəruri tədbirlərin görülməsi ilə bağlı izahat işi aparılıb. Fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edən təlimdə Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının sədrlərinin çıxışları dinlənilib. Qeyd edək ki, məişət zorakılığının qarşısının alınması mövzusunda təlimlərin Suraxanı, Tovuz, Qusar Rayon İcra Hakimiyyətlərində, Şəki və Şirvan Şəhər İcra Hakimiyyətlərində keçirilməsi nəzərdə tutulub.

Ailəm könüllüləri Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər
21 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailəm könüllüləri”nin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə növbəti info-turu olub. Səfər zamanı Şüvəlan UADM-in direktoru Sitarə Əhmədova könüllüləri mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr və göstərilən sosial xidmətlərlə tanış edib. O, mərkəzin uşaqların və ailələrin sosial rifahının yüksəldilməsinə yönəlmiş fəaliyyətləri, psixososial dəstək proqramları və icma əsaslı təşəbbüsləri barədə ətraflı məlumat verib. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı və “Ailəm könüllüləri” proqramının koordinatoru Rafiq Mahmudov bildirib ki, bu kimi info-turların məqsədi gəncləri Komitənin regionlarda həyata keçirdiyi iş prosesi ilə yaxından tanış etməkdir. O vurğulayıb ki, belə tədbirlər gənclərin sosial sahədə baş verən proseslərə inteqrasiyasına, onların bilik və bacarıqlarının artırılmasına xidmət edir və bu fəaliyyətlər sistemli şəkildə davam etdirilir. Səfər çərçivəsində könüllülər həmçinin mərkəzin əməkdaşları Ayşən Qafarzadə və Nasir Hüseynov tərəfindən keçirilən “Ailələrlə sosial iş” adlı təlimdə iştirak ediblər. Təlim zamanı ailələrlə işin əsas prinsipləri, sosial xidmətlərin təşkili, risk qrupları ilə işləmə metodları və praktiki sosial iş yanaşmaları barədə məlumat verilib. Bundan əlavə, könüllülər üçün “Konstitusiya və Suverenlik” mövzusunda bilik yarışı təşkil olunub. Yarışın məqsədi gənclərin hüquqi maarifliliyini artırmaq, milli dəyərlər və dövlətçilik prinsipləri haqqında biliklərini möhkəmləndirmək olub. Sonda Mərkəzin sosial işçi və psixoloqları tərəfindən könüllülərin sualları cavablandırılıb.
Qızların təhsildən yayınması hallarının qarşısının alınması istiqamətində təlim keçirilib
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə ilə birgə əməkdaşlıq çərçivəsində 20 noyabr Ümumdünya Uşaqlar Günü münasibətilə Bakı şəhər 187 nömrəli tam orta məktəbdə təhsil alan qızların, o cümlədən valideynlərin iştirakı ilə qızların təhsildən yayınması hallarının qarşısının alınması istiqamətində təlim keçirib. Dövlət Komitəsinin əməkdaşı Təranə Piriyeva çıxış edərək “Uşaq Hüquqları Aylığı”nın məqsədi, Ümumdünya Uşaqlar Gününün mahiyyəti və əhəmiyyətindən söz açıb, Dövlət Komitəsi tərəfindən uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən işlərdən, təhsildən yayındırma və erkən evlilik hallarının yaratdığı hüquqi məsuliyyətdən bəhs edib. Tədbirdə zamanı Uşaq Səfirlər Məclisinin nümayəndələri Əsmər Əliyeva və Mələk Niftəliyeva “Uşaqdan-uşağa” layihəsi əsasında “Qızlara kitab verək, həyat yükü yox!” adlı təqdimatla çıxış edib, iştirakçı qızların suallarını cavablandırıblar. Sonda Dövlət Komitəsi tərəfindən məktəbdə uşaqların və valideynlərin görə biləcəyi məkanlarda yerləşdirilməsi məqsədilə hazırlanmış xüsusi maarifləndirici yapışqanlar məktəb rəhbərliyinə təqdim edilib

Regionlarda “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirilib. Mərkəzlər tərəfindən Konstitusiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə maarifləndirici görüşlər, əlilliyi olan uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların cəmiyyətə inteqrasiyası məqsədilə bədii-əyləncəli tədbirlər və “Hüquqlarımız haqqında nə bilirik?” mövzusunda interaktiv seminarlar keçirilib. Həmçinin Layihə çərçivəsində SOS Uşaq Kəndinə səfər təşkil edilib. Yerli idarə və təşkilatların dəstəyi ilə keçirilən görüşlərdə mərkəzlərlə yanaşı, müvafiq qurumların əməkdaşları, müəllimlər, valideynlər, könüllülər, rayon ictimaiyyətinin və Uşaq Səfirlər Məclisinin nümayəndələri də iştirak ediblər. TədbirlərdəAzərbaycan dövləti tərəfindən uşaq hüquqlarının təmini, müdafiəsi və təşviqi, layiqli həyat səviyyəsinin təmin edilməsi sahəsində həyata keçirilən islahatlardan danışılıb. Silsilə tədbirlər zamanı “Uşaq hüquqları-hər bir uşaq üçün” mövzusunda sosial çarx nümayiş etdirilib, mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində növbəti maarifləndirici görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 19 noyabr 2025-ci i tarixində Elm və Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici görüş keçirib. Görüşdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova narkomaniyanın insanların həyat və sağlamlığı üçün yaratdığı ciddi təhlükələr, cəmiyyətinin mənəvi-əxlaqi dəyərlərinə mənfi təsirləri və onunla mübarizə istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat verərək, sağlam həyat tərzinin əhəmiyyətindən danışıblar. 130 nəfər tələbənin iştirakı ilə keçirilən tədbirin yekununda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Tədbir çərçivəsində “Biz narkotiklərə Yox deyirik” maarifləndirici kitabçalar informativ resurs kimi mərkəzin kitabxanasına təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi