Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
BMT-nin Uşaq Hüquqları Komitəsinə ilk dəfə Azərbaycan nümayəndəsi üzv seçilib

3 iyun 2026-cı il tarixində Nyu-York şəhərində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına tərəf dövlətlərin 21-ci iclası çərçivəsində BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027–2031-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. 16 ölkənin iştirak etdiyi səsvermədə Azərbaycan namizədi Fərid Ədilov 130 səs toplayaraq Komitənin üzvü seçilib.   BMT-nin Uşaq Hüquqları Komitəsi “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarının tərəf dövlətlər tərəfindən icrasına nəzarət edir və qlobal səviyyədə insan hüquqlarının müdafiəsi sahəsində başlıca mexanizmlərdən biri hesab edilir. Eyni zamanda uşaqların silahlı münaqişələrə cəlb edilməsi və uşaq alverinə dair əlavə protokolların yerinə yetirilməsinin monitorinqini də aparır. Komitə 18 müstəqil ekspertdən ibarətdir və ilk dəfədir ki, Komitəyə Azərbaycan nümayəndəsi üzv seçilir.   Fərid Ədilov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın iştirakçısıdır, Böyük Britaniyanın Esseks Universitetində sosiologiya və kriminologiya üzrə doktorant və assistent müəllim kimi fəaliyyət göstərir. Hazırda Esseks Universitetində tədqiqat aparan Fərid Ədilovun elmi işi qadın parlamentarilərin qadınların hüquq və rifahına yönəlik siyasətlərin formalaşdırılmasına təsirini əhatə edir.   2006-2010-cu illərdə BDU-nun beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və 2011-2013-cü illərdə isə həmin ixtisas üzrə magistr təhsilini fərqlənmə ilə bitirib.   2017-2018-ci illərdə “Chevening” təqaüd proqramını qazanaraq Böyük Britaniyanın Newcastle Universitetində Beynəlxalq siyasət (Qloballaşma, Yoxsulluq və İnkişaf) sahəsi üzrə xüsusi fərqlənmə ilə magistr təhsili alıb. O, həmçinin bir müddət Böyük Britaniyada uşaq və gənclərlə işləyən Milli Vətəndaş Xidməti proqramında qrup rəhbəri olaraq çalışıb.   2019-cu ildə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən həyata keçirilən “Peşəkar İxtisasartırma Proqramı”nın qalibi olub və proqram çərçivəsində o, ABŞ-ın Boston Şəhər İdarəsinin Səhiyyə və İnsan Xidmətləri Departamentində təcrübə keçib.   Qeyd edək ki, F.Ədilov doktorantura təhsilinə başlamazdan əvvəl Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 10 ilə yaxın fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə məsləhətçi, aparıcı məsləhətçi, sədrin köməkçisi və Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri vəzifələrində çalışıb.   Fərid Ədilovu BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvü seçilməyi münasibətilə təbrik edir, vacib fəaliyyətində uğurlar arzu edirik.

Ətraflı
Dövlət Komitəsinin əməkdaşları Çin Xalq Respublikasında təcrübə səfərində olublar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi beynəlxalq təcrübənin öyrənilməsinə və qabaqcıl metodologiyaların ölkəmizdə tətbiqinə xüsusi önəm verir. Bu istiqamətdə tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsi məqsədilə Dövlət Komitəsi əməkdaşlarının növbəti təcrübə mübadiləsi səfəri Çin Xalq Respublikasına (ÇXR) olub. Dövlət Komitəsinin 5 nəfərdən ibarət nümayəndə heyəti 2026-cı ilin may–iyun aylarında Çində 4 fərqli mövzuda təşkil olunan beynəlxalq təlim proqramlarında iştirak edib. Səfər çərçivəsində əməkdaşlar rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının idarəetmədə rolu, rəqəmsal hökumət quruculuğu, "ağıllı şəhər" platformaları, informasiya təhlükəsizliyi, o cümlədən qadınların texnologiya sahəsində liderliyinin təşviqi, rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi və digər istiqamətlərdə qabaqcıl çin təcrübəsi və innovativ yanaşmalarla yaxından tanış olublar. Digər ölkələrin də sahəvi ekspertlərinin qatıldığı proqramlarda rəqəmsal dövrdə ailə, qadın və uşaq siyasətinin effektiv təşkili mövzusunda səmərəli müzakirələr aparılıb. Səfər çərçivəsində keçirilən seminarların açılış və bağlanış mərasimlərində Dövlət Komitəsinin əməkdaşları tərəfindən Azərbaycan təcrübəsinə dair geniş təqdimatlar nümayiş etdirilib. Təqdimatlarda rəqəmsal transformasiya sahəsində həyata keçirilən islahatlar, elektron hökumət xidmətləri, kibertəhlükəsizlik sahəsində görülən işlər, eləcə də dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində əldə olunan nailiyyətlər, qadınların rəqəmsal bacarıqlarının artırılması istiqamətində icra edilən layihələr haqqında məlumatı əhatə edən ölkə hesabatı təqdim olunub. Seminarların mühüm hissəsini təşkil edən texniki səfərlər və təcrübə mübadiləsi proqramları çərçivəsində iştirakçılar Çinin qabaqcıl texnologiya və innovasiya müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olub, rəqəmsal transformasiya və innovasiya sahəsində tətbiq olunan müasir yanaşmalar barədə ətraflı məlumat əldə ediblər. Təlim proqramlarını uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.

Ətraflı
Tovuz rayonunda “Uşaqdan-uşağa” layihəsi çərçivəsində təlimlər keçirilib

19 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası məqsədi ilə Tovuz rayonunda “Uşaqdan-uşağa” layihəsi çərçivəsində təlimlər keçirilib. “Uşaq hüquqları: İnkişaf üçün Birləşək!” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularına həsr olunmuş təlimlərdə Uşaq Səfirlər Məclisinin Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonları üzrə nümayəndələri iştirak ediblər. Tədbirlərdə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova layihə çərçivəsində keçiriləntəlimlərin məhsuldar nəticələr verdiyini diqqətə çatdırıb. O qeyd edib ki, təlimlərin məqsədi uşaqlarda internetdən təhlükəsiz istifadə, məlumatların qorunması vərdişlərini formalaşdırmaq, iştirakçılıq və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirməkdir. Daha sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun baş məsləhətçisi Gülnar Şükürlü layihənin uşaqlar arasında ünsiyyətin və təcrübə mübadiləsinin inkişafına əlverişli şərait yaratdığını,istedadlı şagirdlərin aşkar olunmasına, onların potensialının inkişaf etdirilməsinə mühüm töhfə verdiyini bildirib. Təlimlər çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri Mələk Niftəliyeva və Tanər Əsgərzadə uşaqların hüquqları, onların müdafiəsi mexanizmləri, uşaq iştirakçılığı, eləcə də məclisin fəaliyyəti barədə təqdimatlarla çıxış ediblər. “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov isə internetdən təhlükəsiz istifadə və fərdi məlumatların qorunması ilə bağlı iştirakçıları məlumatlandırıb. Təlimlər interaktiv fəaliyyətlər və intellektual oyunla davam edib, iştirakçılar komandalar şəklində biliklərini nümayiş etdiriblər. Sonda qalib komandaya simvolik hədiyyə təqdim olunub, fəal iştirakçılar sertifikatlarla təltif ediliblər.

Ətraflı
Bahar Muradova “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub ilə növbəti görüş keçirib. Proqram çərçivəsində Fatimə Eyyub mentorunu müşayiət edərək idarəçiliyin müxtəlif istiqamətləri ilə yaxından tanış olub. O, rəhbərliyin gündəlik fəaliyyətini müşahidə edib, qərarların qəbul olunması prosesini izləyib və idarəetmə təcrübəsi barədə ətraflı məlumat əldə edib. Proqramın bir hissəsi olaraq menti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin vətəndaş qəbulu prosesində iştirak edib. Burada vətəndaş müraciətlərinin qəbulu, araşdırılması və həlli mexanizmləri ilə tanış olaraq dövlət-vətəndaş münasibətlərinin praktik aspektlərini müşahidə etmək imkanı qazanıb.   Daha sonra Fatimə Eyyub Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən işçi müşavirəyə qatılıb. Müşavirədə 2026-cı ilin ilk yarımilində görülmüş işlərə dair hesabatlar dinlənilib, əldə olunan nəticələr təhlil olunub və ilin ikinci yarısı üçün prioritet fəaliyyət istiqamətləri müzakirə edilib. Görüş çərçivəsində əldə olunan təcrübə mentiyə dövlət qurumlarının fəaliyyət prinsiplərini, idarəetmə mexanizmlərini və strateji qərarların formalaşdırılması prosesini daha yaxından öyrənmək imkanı yaradıb. “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Ətraflı
Bələdiyyələrdə fəaliyyət göstərən “Ailə və bərabər inkişaf” komissiyalarının üzvləri üçün təlimlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bələdiyyələrdə yaradılmış “Ailə və bərabər inkişaf” komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin komissiya üzvlərinin bilik və bacarıqlarının artırılması məqsədilə 16 və 19 iyun 2026-cı il tarixlərində təlimlər təşkil olunub. “Komissiyanın məqsəd, vəzifə, funksiya və səlahiyyətləri” mövzusuna həsr edilən təlimlərin əsas məqsədi komissiyaların institusional potensialının gücləndirilməsi, yerli idarəetmədə gender bərabərliyi və genderə həssas yanaşma prinsiplərinin təşviqi, eləcə də müvafiq qanunvericilik bazası ilə bağlı iştirakçıların məlumatlılığının artırılması olub. Ekspert Abil Bayramov tərəfindən interaktiv formatda keçirilən təlimlər zamanı mövzu ətrafında praktiki nümunələr əsasında fikir mübadiləsi aparılıb, əldə olunan bilik və yanaşmaların komissiyaların gələcək fəaliyyətində tətbiqinin əhəmiyyəti vurğulanıb. Müzakirələrlə davam edən tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.  

Ətraflı
“Çempion ailələr” layihəsi çərçivəsində regionlarda intellektual yarışların keçirilməsi davam edir

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ikinci dəfədir həyata keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində növbəti yarışlar 17, 18, 19  iyun 2026-cı il tarixlərində Yevlax şəhərində, Samux və Gədəbəy rayonlarında keçirilib.Təşkil edilən yarışlarda ümumilikdə 30 ailə iştirak edib. Sonda, yarış iştirakçılarına sertifikatlar təqdim olunub. Yevlax şəhərində İsmayılzadələr ailəsi, Samux rayonunda Namazovlar ailəsi, Gədəbəy rayonunda isə Əsgərovlar ailəsi qalib kimi diplom və hədiyyələrlə mükafatlandırılıb.Layihənin əsas məqsədi ailə dəyərlərinin və milli ənənələrin təbliği, ailələrin asudə vaxtının səmərəli təşkili, eləcə də ailə üzvləri arasında əməkdaşlıq və ünsiyyətin gücləndirilməsidir.

Ətraflı
Sosial cəhətdən həssas qruplardan olan qadınların iştirakı ilə psixoloji məsləhətləşmələr keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 16-19 iyun 2026-cı il tarixlərində sosial cəhətdən həssas qruplardan olan qadınların iştirakı ilə psixoloji məsləhətləşmələr keçirilib. Mərkəzlərin əməkdaşları, psixoloqlar, icma sakinləri iştirak etdiyi tədbirlərin keçirilməsində məqsəd qadınların psixoloji sağlamlıq sahəsində məlumatlılığının artırılması, gündəlik həyatda qarşılaşılan psixoloji çətinliklərin aradan qaldırılması istiqamətində maarifləndirmə işinin aparılması və iştirakçıların onları narahat edən məsələlərlə bağlı peşəkar məsləhətlər əldə etmələrinə şərait yaratmaq olub.  Görüşlərdə iştirakçılara stressin idarə olunması, narahatlıq və gərginlik halları ilə mübarizə üsulları, ailədaxili münasibətlərdə sağlam ünsiyyətin qurulması, özünəinamın artırılması və psixoloji dayanıqlılığın gücləndirilməsi mövzularında ətraflı məlumat verilib. Psixoloqlar tərəfindən gündəlik həyatda tətbiq oluna biləcək praktik tövsiyələr təqdim olunub, iştirakçıların psixoloji sağlamlığın qorunması ilə bağlı sualları cavablandırılıb. Məsləhətləşmələr zamanı həm anonim sual qutuları vasitəsilə, həm də açıq şəkildə səsləndirilən suallar ekspertlər tərəfindən cavablandırılıb, iştirakçıları maraqlandıran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ətraflı
Bakı şəhəri Xəzər rayonu və regionlarda “Açıq qapı” günü keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə  Dəstək Mərkəzləri tərəfindən növbəti “Açıq qapı” günü keçiriləcək. “Açıq qapı” günü 01 iyul 2026-cı il tarixində, saat 10:00-dan 13:00-dək Mərkəzlərin psixoloq, sosial işçiləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə Bakı şəhəri Xəzər rayonu, Ağdam, Goranboy, Göygöl, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarının qəsəbə və kəndlərində səyyar şəkildə keçiriləcəkdir. “Açıq qapı” gününün keçirildiyi məkanlar barədə məlumatı almaq üçün aşağıdakı linkə keçid edin.    https://family.gov.az/storage/news/April2025/news_22_os1DwjOV48.pdf

Ətraflı
Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması müzakirə edilib

18 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda ictimai dinləmə keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutan tədbirdə dövlət qurumlarının məsul şəxsləri, media nümayəndələri, sosial media təsirçiləri (blogerlər), vətəndaş cəmiyyəti institutunun təmsilçiləri, psixoloqlar iştirak ediblər. İctimai dinləmənin təşkilində məqsəd uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı mövcud vəziyyətin, qarşıya çıxan risklərin və qoruyucu mexanizmlərin müzakirəsi, aidiyyəti tərəflərin rəy və təkliflərinin öyrənilməsi, eləcə də uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi istiqamətində tövsiyələrin hazırlanmasıdır. Dinləmədə açılış nitqi ilə çıxış edən Akademiyanın rektoru Urxan Ələkbərov iştirakçıları salamlayaraq, ictimai dinləmənin keçirilməsi təşəbbüsünə görə Dövlət Komitəsinə təşəkkürünü bildirib. O, layihənin əhəmiyyətindən bəhs edərək, uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi baxımından vacibliyini vurğulayıb. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, dünyanın sürətlə dəyişdiyini və rəqəmsal texnologiyaların həyatımızın bütün sahələrinə nüfuz etdiyini deyib. Qlobal rəqəmsal platformaların fəaliyyəti ilə bağlı beynəlxalq təcrübəni qeyd edən sədr, dövlətlərin daha qətiyyətli addımlar atmağa başladığını, Azərbaycanın da bu prosesdən kənarda olmadığını bildirib. O, keçirilən ictimai dinləmənin əsas məqsədinin bütün maraqlı tərəflərin fikirlərini dinləmək, müasir çağırışları birlikdə dəyərləndirmək və uşaqlar üçün daha təhlükəsiz rəqəmsal gələcəyin əsaslarının formalaşdırmasına töhfə vermək olduğunu qeyd edib. B.Muradova vurğulayıb ki, hədəf uşaqları texnologiyalardan uzaqlaşdırmaq deyil, onların rəqəmsal mühitdə təhlükəsiz, məlumatlı və məsuliyyətli iştirakını təmin etməkdir. Müzakirəyə çıxarılan qanun layihəsini mühüm hüquqi sənəd kimi qiymətləndirən B.Muradova, layihədə uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi, valideyn məsuliyyətinin artırılması, platformaların hesabatlılığının təmin olunması və fərdi məlumatların qorunması ilə bağlı bir sıra mühüm mexanizmlərin nəzərdə tutulduğunu qeyd edib. Həmçinin layihədə sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi və yaşın təsdiqi zamanı əldə olunan məlumatların xüsusi qorunması kimi məsələlərin hüquqi müstəvidə tənzimləndiyini diqqətə çatdırıb. Zəfərin qazanıldığı dövrdə qarşıya qoyulan hədəflərə çatmaq üçün ailələrin və uşaqların rifahı istiqamətində maneələri aradan qaldırmağın vacibliyindən danışan Bahar Muradova, belə təşəbbüslərlə ölkə Prezidenti İlham Əliyevin müəyyən etdiyi rəqəmsal prioritetlərə ciddi töhfələr verməyin mümkünlüyünü qeyd edib. Sədr çıxışının sonunda hər kəsi uşaqların, ailələrin təhlükə ilə deyil, imkanlarla qarşılaşdığı, güvənli bir rəqəmsal mühit qurmağa çağırıb. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov sosial medianın müasir həyatın ayrılmaz hissəsinə çevrildiyini qeyd edib. O, rəqəmsal mühitin uşaqlara və ailələrə təsiri ilə bağlı bir sıra çağırışları səsləndirib, psixoloji asılılıq, şəxsi məlumatların kommersiya məqsədilə istifadəsi və məxfilik hüquqlarının pozulması kimi risklərə diqqət çəkib. Nazir müavini Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə keçirdiyi sorğunun nəticələrini təqdim edərək bildirib ki, respondentlərin 56,5 faizi sosial medianı uşaqlar üçün zərərli hesab edir, 66,5 faizi isə uşaqların gündə 5 saatdan artıq vaxtını sosial şəbəkələrdə keçirdiyini qeyd edib. Bildirib ki, sorğu iştirakçılarının 38 faizi sosial şəbəkələrdən həddindən artıq istifadənin psixoloji problemlərə səbəb olduğunu, bir qismi asılılıq yaratdığını, digərləri isə yuxu pozuntularına, görmə problemlərinə və təhsildən yayınmaya gətirib çıxardığını düşünür. Layihənin məqsədlərindən danışan E.Məmmədov, bu sahədə beynəlxalq təcrübələrin öyrənildiyini və Azərbaycanda həyata keçirilən təşəbbüslərin də uğurlu xarici təcrübələrə əsaslandığını qeyd edib. Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə valideynlərin roluna diqqət çəkib. O, zərərli kontentin uşaqların psixoloji və sosial inkişafına mənfi təsir göstərə biləcəyini qeyd edərək, rəqəmsal risklərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınmasının əhəmiyyətindən danışıb. İ.Hacıyeva çıxışı zamanı süni intellekt və digər müasir texnologiyaların yaratdığı imkanlarla yanaşı, yeni risklərə də diqqət çəkib. O vurğulayıb ki, sürətlə dəyişən rəqəmsal mühitdə dövlətlərin və beynəlxalq təşkilatların çevik tənzimləmə mexanizmləri formalaşdırması və vaxtında qərarlar qəbul etməsi uşaqların təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Nazir müavini bu istiqamətdə atılan addımları texnoloji transformasiya proseslərinə verilən zəruri və çevik reaksiya kimi dəyərləndirib. Rəsmi çıxışlar dinlənildikdən sonra mövzu dərindən təhlil edilib. Müzakirələrdə çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev qeyd edib ki, rəqəmsal platformalarda yaranan yeni çağırışlara vaxtında və adekvat reaksiya verilməsi mühüm əhəmiyyət daşıyır. Natiqin sözlərinə görə, son illər daxil olan müraciətlərin əhəmiyyətli hissəsi sosial şəbəkələr və rəqəmsal mühitdə baş verən hüquqpozmalara aiddir. O, saxta profillər, kiberfırıldaqçılıq və digər rəqəmsal risklərin uşaqlar üçün yaratdığı təhlükələrdən danışaraq, layihəni bu istiqamətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinə dəstək verən mühüm təşəbbüs kimi qiymətləndirib. Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Könül Axundova rəqəmsal mühitdə tənzimləyici normaların və məsuliyyətli davranış prinsiplərinin əhəmiyyətinə diqqət çəkiblər. Çıxışlarda sosial şəbəkələrdən intensiv istifadənin uşaqların canlı ünsiyyət imkanlarını azaltdığı, asudə vaxt fəaliyyətlərinin məhdudlaşmasına səbəb olduğu və onların məlumat əldə etmə mənbələrinin getdikcə daha çox virtual mühitə yönəldiyi vurğulanıb. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, uşaqların və valideynlərin rəqəmsal savadlılığının artırılması ilə bağlı bir sıra təkliflər səsləndirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İxtisaslı tibbi xidmətin təşkili departamenti, Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov, və Respublika Pediatriya Mərkəzi və “Leyla Medical Center”-in psixoloqu Mahizər Əliyeva, rəqəmsal platformaların uşaqlarda ekran və internet asılılığı kimi problemlərin də formalaşdırdığını deyiblər. Qeyd edilib ki, rəqəmsal mühitdə formalaşan virtual kimlik bəzi hallarda uşağın real sosial münasibətlərinə və özünüifadə bacarıqlarına təsir göstərir. Natiqlər ekran asılılığının, sosial təcrid olunmanın, ünsiyyət bacarıqlarının zəifləməsinin və digər psixoloji təsirlərin yeniyetmələr arasında daha qabarıq müşahidə olunduğunu vurğulayaraq, bu sahədə balanslı yanaşmanın və müəyyən məhdudiyyət mexanizmlərinin tətbiqinin əhəmiyyətindən danışıblar. Daha sonra çıxış edən Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Şəmil Sadıqov və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin aparıcı-jurnalisti Ramal Hüseynov uşaqların rəqəmsal mühitdən uzaqlaşdırılmasının deyil, onlar üçün təhlükəsiz və faydalı rəqəmsal məzmunun yaradılmasının daha effektiv yanaşma olduğunu vurğulayıblar. Onlar uşaqlara yönəlmiş maarifləndirici, inkişafetdirici kontentin artırılması ilə bağlı fikir və təkliflərini bölüşüblər. İctimai dinləmə müzakirələrlə davam edib. Uşağın inkişafında ailə, məktəb və cəmiyyət əməkdaşlığının əhəmiyyəti, valideynlərin maarifləndirilməsi istiqamətində sistemli fəaliyyətin genişləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin mütəxəssislərlə birgə işin gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Ətraflı