Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Nyu-Yorkda “Könül birliyindən güc birliyinə: Türk dünyası arasında sahibkarlıq ekosistemi” mövzusunda tədbir keçirilib

Türkiyə Böyük Millət Məclisinin Qadın-Kişi Fürsət Bərabərliyi Komissiyasının təşkilatçılığı ilə ABŞ-ın Türkevi binasında “Könül birliyindən güc birliyinə: Türk dünyası arasında sahibkarlıq ekosistemi” mövzusunda Türkiyə, Azərbaycan və Şimali Kipr qadın sahibkarlarının da iştirakı ilə tədbir baş tutub. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadın sahibkarları bir araya gətirən bu platformanı iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, ortaq dəyərlərin və mənəvi birliyin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. Komitə sədri qeyd edib ki, ortaq tarix və mədəni irsə malik olan Türk dünyası ölkələri bu potensialı daha konkret iqtisadi əməkdaşlıq və dayanıqlı inkişaf modelinə çevirmək imkanına malikdir. Vurğulanıb ki, qlobal iqtisadiyyat hazırda transformasiya mərhələsini yaşayır və yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya, eləcə də innovasiya əsaslı inkişaf modelləri yeni imkanlar yaradır. Bu şəraitdə qadın sahibkarlar inklüziv iqtisadi artımın və rəqabət qabiliyyətinin mühüm strateji amili kimi çıxış edir. B.Muradova əlavə edib ki, bu yanaşma BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, xüsusilə gender bərabərliyi və layiqli əmək prinsipləri ilə tam uzlaşır: “Beynəlxalq təcrübə göstərir ki, qadınların iqtisadi fəaliyyətə daha geniş cəlb olunması ümumi daxili məhsulun artmasına, məşğulluğun genişlənməsinə və nəticə etibarilə sosial sabitliyin güclənməsinə mühüm təsir göstərir”. Azərbaycanda da qadın sahibkarlığının inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdıran sədr, müvafiqsahədə qadınların iqtisadi fəaliyyətə daha fəal qoşulması istiqamətində ardıcıl addımlar atıldığını vurğulayıb. O bildirib ki, Türkiyənin bu sahədə zəngin təcrübəsi mövcuddur və azərbaycanlı sahibkarlar, eləcə də onların birləşdiyi təşkilatlar Türkiyəli tərəfdaşlarla sıx əməkdaşlıq edərək bu təcrübədən faydalanırlar. Bildirilib ki, Azərbaycan Qadın Sahibkarlar Birliyi Türk dövlətləri çərçivəsində yaradılmış təşkilatda həmsədr kimi fəaliyyət göstərir və bu müddətdə tərəflər arasında təcrübə mübadiləsi əhəmiyyətli dərəcədə genişlənib. Ölkədə qadın sahibkarlığının inkişafını dəstəkləyən mühüm mexanizmlərin yaradılması istiqamətində geniş işlər görüldüyünü bildirən sədr, bu ekosistemin formalaşdırılmasının regionlararası inteqrasiyanın güclənməsinə, rəqabət qabiliyyətinin artmasına və iqtisadi bərabərsizliyin azaldılmasına mühüm töhfə verəcəyini də əlavə edib. Çıxış edən Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Türk Dövlətləri Təşkilatı çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsünü dəstəklədiklərini bildirib. Nazir qeyd edib ki, təşəbbüs Türk dünyasında qadınların rolunun gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edib ki, yaradılması nəzərdə tutulan şura yalnız siyasi platforma deyil, eyni zamanda vətəndaş cəmiyyəti, elm və incəsənət nümayəndələrinin bir araya gələcəyi geniş əməkdaşlıq platforması olacaq. M.Ö.Göktaş vurğulayıb ki, bu çərçivədə qardaş ölkələrin təcrübə və uğurlu tətbiq nümunələrinin paylaşılması, xüsusilə qadınların potensialının üzə çıxarılması və qarşılıqlı həmrəyliyin gücləndirilməsi nəzərdə tutulur. Nazir həmçinin Türk dünyasında qadın sahibkarlığının inkişafı, bu sahədə əməkdaşlığın genişləndirilməsi və ortaq sahibkarlıq ekosisteminin gücləndirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, qadın sahibkarların dəstəklənməsi istiqamətində həyata keçirilən hər bir təşəbbüs gələcəyə qoyulan mühüm investisiya kimi qiymətləndirilir. Tədbirdə çıxış edən Türkiyə və Azərbaycanlı iş qadınları iki ölkənin qadın sahibkarları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüş çərçivəsində, həmçinin Türk dünyasında qadın sahibkarlığının inkişafı, bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və ortaq sahibkarlıq ekosisteminin gücləndirilməsi məsələləri müzakirə olunub. Tədbir çərçivəsində Komitə sədri Bahar Muradova azərbaycanlı qadın sahibkarlarla görüşərək onların fəaliyyəti ilə maraqlanıb və qarşılıqlı fikir mübadiləsi aparıb.

Ətraflı
Azərbaycanın gender bərabərliyi sahəsindəki milli təcrübəsi BMT-də nümunə göstərilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Nyu-Yorkda BMT-nin Baş Qərargahında keçirilən Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyasında (CSW70) çıxışı zamanı Azərbaycanın gender bərabərliyi sahəsindəki milli təcrübəsindən danışıb. Komitə sədri, Azərbaycanda gender bərabərliyinin Konstitusiya səviyyəsində təsbit olunduğunu və milli qanunvericilik çərçivəsində ardıcıl şəkildə təmin edildiyini, həmçinin hüquqi müdafiə mexanizmlərinə çıxışın genişləndirildiyin, məhkəmə və hüquq-mühafizə sistemində genderəhəssas yanaşmanın gücləndirildiyini bildirib. Əlavə edib ki, son illər reallaşdırılan hərtərəfli islahatlar nəticəsində dövlət hesabına hüquqi yardım xidmətlərinin əlçatanlığı artırılıb. O, Azərbaycanda məişət zorakılığı, erkən və məcburi evlilik halları ilə mübarizə sahəsində cəza tədbirlərinin sərtləşdirildiyini və zərərçəkmişlərin müdafiəsinin gücləndirildiyini qeyd edib. Ali Məhkəmənin müvafiq qərarlarının cinsi ayrı-seçkiliyin aradan qaldırılmasına mühüm töhfə verdiyini deyib. B.Muradova yeni qəbul edilən 2026–2028-ci illər üzrə Gender Fəaliyyət Planının struktur maneələrin aradan qaldırılması, institusional potensialın gücləndirilməsi, qərarvermədə qadınların iştirakının artırılması, genderə həssas büdcələşmə və məlumatəsaslı siyasətin inkişafını nəzərdə tutduğunu diqqətə çatdırıb. B.Muradova Azərbaycanın beynəlxalq səviyyədə gender gündəliyinə verdiyi töhfələri də vurğulayıb: "2024-cü ildə ölkəmizdə keçirilən COP29 çərçivəsində ilk dəfə "Gender Günü" təşkil olunub və yenilənmiş Lima İş Proqramı qəbul edilib. 2025-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın təşəbbüsü ilə ilk Qadınlar Forumu keçirilib. Həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CİCA) çərçivəsində Qadınlar Şurası yaradılıb". Dövlət Komitəsinin sədri qadınların sülh quruculuğunda və icma səviyyəsində qərarvermədə iştirakının davamlı sülhün əsas şərti olduğunu, post-münaqişə dövründə həyata keçirilən bərpa proseslərində genderə həssas yanaşmanın uzunmüddətli sabitliyi təmin etdiyini bildirib. Milli səviyyədə həyata keçirilən tədbirlərin Dayanıqlı İnkişaf Məqsədləri ilə, xüsusilə də gender bərabərliyi və güclü institutlarla bağlı hədəflərlə tam uzlaşdığını deyib. Çıxışının sonunda Azərbaycanın bu sahədə iki və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini vurğulayan sədr, ədalətə çıxış sahəsində uğurlu təcrübə mübadiləsinin insan ləyaqətinin qorunması və bərabər imkanların təminatına xidmət etdiyini bildirib.

Ətraflı
Bahar Muradova BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyasının ümumi müzakirələri çərçivəsində Türk Dövlətləri Təşkilatı adından bəyanatla çıxış edib

Bahar Muradova Nyu-Yorkda keçirilən BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyasının ümumi müzakirələri çərçivəsində Türk Dövlətləri Təşkilatı adından bəyanatla çıxış edib. O bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr-Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Azərbaycan əsas insan hüquqlarına, insan ləyaqətinə, həmçinin qadın və kişilərin bərabər hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər. Qeyd olunub ki, bu prinsiplər BMT nizamnaməsində də öz əksini tapır və üzv dövlətləri bu istiqamətdə davamlı və məqsədyönlü addımlar atmağa çağırır. B.Muradova çıxışında vurğulayıb ki, Təşkilata üzv ölkələr qadın və qızların hüquqlarının tam təmin olunması istiqamətində öhdəliklərinə sadiqdir və bu baxımdan "Pekin Bəyannaməsi və Fəaliyyət Platforması" sənədinin məqsəd və hədəflərini dəstəkləyir. Onun sözlərinə görə, qadın və qızların hüquqları bütün insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir. Sessiyanın əsas mövzusu olan qadın və qızların ədalətə çıxış imkanlarının genişləndirilməsi məsələsinə toxunan Komitə sədri qeyd edib ki, bu istiqamətdə görülən tədbirlər qadınların hüquqlarının tam reallaşdırılması, onların səlahiyyətləndirilməsi və gender bərabərliyinin təşviqi üçün mühüm əhəmiyyət daşıyır. Həmçinin bu sahədə əldə olunan irəliləyiş Davamlı İnkişaf üzrə 2030 Gündəliyi çərçivəsində qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə də töhfə verir. Çıxışda ailənin cəmiyyətin əsas və təməl institutu kimi rolu xüsusi qeyd olunub. Bildirilib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi sənədinə uyğun olaraq ailənin qorunması, möhkəmləndirilməsi və inkişafı qadınların hüquqlarının təmin edilməsində mühüm rol oynayır. B.Muradova həmçinin qadın və qızların sosial-iqtisadi inkişafda bərabər iştirakını təmin etmək üçün zəruri şəraitin yaradılmasının vacibliyini vurğulayıb. Erkən və məcburi evliliklər, təhsil və məşğulluq imkanları, eləcə də xüsusilə kənd yerlərində yaşayan qadın və qızların reproduktiv sağlamlıq xidmətlərinə çıxışındakı maneələrin aradan qaldırılmasının əhəmiyyəti qeyd olunub. Sonda Komitə sədri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qadınların səlahiyyətləndirilməsi, gender bərabərliyinin təşviqi və insan təhlükəsizliyinin gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığa sadiq qaldıqlarını vurğulayıb. Bildirib ki, bu yanaşma təşkilatın 2021-ci ildə qəbul edilmiş Türk Dünyası Vizyonu – 2040 sənədində də öz əksini tapıb.  

Ətraflı
“Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının iştirakçısı olan tələbələr üçün təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 6 mart 2026-cı il tarixində  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək”  təqaüd proqramının iştirakçısı olan tələbələr üçün “Zirvəyə doğru” adlı təlim keçirilib. Təlimin keçirilməsində məqsəd  qızların şəxsi inkişafına və ictimai-sosial fəallığının artırılmasına, o cümlədən onların cəmiyyətə sağlam və məqsədyönlü inteqrasiyasına  dəstək olmaqdır. Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya təlimdə açılış nitqi ilə çıxış edərək, qızların təhsilinin cəmiyyətin gələcək inkişafında mühüm rolundan bəhs edib.  O, həmçinin “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək”  təqaüd proqramının uğurlu nəticələri barədə iştirakçılara məlumat verib. Mediator Günel Əliyeva tərəfindən interaktiv formada keçirilən təlim zamanı iştirakçılarla real situasiyalar əsasında müzakirələr aparılıb, onlara praktiki bilik və bacarıqlar aşılanıb.  Xüsusilə də gənc qızların hədəflərinə çatmaq və gələcəkdə uğurlu karyera qurmaq üçün strategiyalar, effektiv metodlardan istifadə, şəxsi inkişafının meyarları barədə məlumatlar verilib.

Ətraflı
İşğaldan azad edilmiş ərazilərdə süni intellekt mövzusunda seminar keçirilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə martın 5-də Ağdam şəhərində “Süni intellekt savadlılığı” proqramı çərçivəsində qadınların iştirakı ilə interaktiv seminar keçirilib. Tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhalinin müasir informasiya-kommunikasiya texnologiyalarına adaptasiyasını təmin etmək, müxtəlif əhali qruplarının rəqəmsal savadlılığını artırmaq və sakinləri yeni nəsil texnologiyaları, xüsusən də süni intellekt barədə məlumatlandırmaqdır. AQUPDK-nın nümayəndəsi Zülfiyyə Sadıq Dövlət Komitəsi tərəfindən  işğaldan azad edilmiş ərazilərə geri qayıdan ailələrlə aparılan psixososial işin əhəmiyyətindən,  bu sahədə həyata keçirilən layihələrdən bəhs edib. Z. Sadıq həmçinin qeyd edib ki, informasiya texnologiyalarından səmərəsiz şəkildə istifadə edilməsi insanların psixikasına, yaşam tərzinə və psixoemosional vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi  Nofəl Əliyev seminarda “Süni intellekt savadlılığı” proqramı haqqında məlumat verib, süni intellektin gündəlik həyatda və iş mühitində tətbiqi imkanlarından və əhəmiyyətindən danışıb. Cıxış zamanı təlimçi bildirib ki, “Süni intellekt savadlılığı” proqramı insanların süni intellekti yalnız texniki terminlər toplusu kimi deyil, gündəlik həyat və iş mühitində praktik tətbiq oluna bilən alət kimi dərk etməsini təmin etmək məqsədilə hazırlanıb. N.Əliyev həmçinin qeyd edib ki, proqram çərçivəsində Bakı şəhəri və regionlarda 3000 nəfərdən çox iştirakçı təlimlərdə iştirak edərək suni intellekti öz gündəlik həyat və fəaliyyətində səmərəli şəkildə tətbiq etmək bacarıqlarını inkişaf etdiriblər. Sonda iştirakçıların sualları cavablandırıb.

Ətraflı
“Qərbi azərbaycanlıların milli geyim irsi” adlı albom-kitabın təqdimatı və sərginin açılış mərasimi keçirilib

Azərbaycan Milli Xalça Muzeyində “Qərbi azərbaycanlıların milli geyim irsi” adlı albom-kitabın təqdimatı və eyniadlı sərginin açılış mərasimi keçirilib. Tədbir 8 Mart – Beynəlxalq Qadınlar Günü və 6 Mart - Milli Geyimlər Günü münasibətilə təşkil olunub. Mərasim görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illik yubileyinə həsr edilib. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da açılış nitqi ilə çıxış edib. Bahar Muradova, insanlığın yalnız sülh və əmin-amanlıq şəraitində inkişaf etdiyini, qarşıya qoyduğu hədəflərə çata bildiyini bildirib. Onun sözlərinə görə, tarix boyu formalaşan bu dəyərlər zaman keçdikcə yeni çalarlar qazanır və müasir dövrün sürətli dəyişiklikləri fonunda daha da zənginləşir. Komitə sədri, belə bir dinamik mühitdə xalqın kökünü, kimliyini və varlığını əks etdirən mədəni irsin qorunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Qərbi Azərbaycanda yaşamış əcdadların mədəni irsi ilə yaxından tanış olduqca bizi bir-birimizə bağlayan möhkəm bağların və tarixi həqiqətlərin bir daha üzə çıxdığını söyləyib. Bahar Muradova çıxışında görkəmli rəssam Mirzə Qədim İrəvaninin yaradıcılığına toxunaraq, onun əsərlərində istifadə olunan rənglər və bədii formaların Azərbaycan xalqının zəngin təxəyyülünü və həyata baxışını, təbiətin rəngləri ilə harmoniya yaratmaq bacarığını əks etdirdiyini qeyd edib. Komitə sədri Azərbaycan xalqının tarix boyu çətinliklərə sinə gərərək öz milli kimliyini və dəyərlərini qoruya bildiyini diqqətə çatdırıb, xalqın öz tarixi torpaqlarına ləyaqətlə qayıdacağına və belə mədəni tədbirlərin gələcəkdə həmin ərazilərdə də keçiriləcəyinə inamını ifadə edib. Qeyd edək ki, “Qərbi azərbaycanlıların milli geyim irsi” layihəsi Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü ilə hazırlanıb.

Ətraflı
Bakı şəhəri və regionlarda “Gender bərabərliyi və idarəetmədə qadınlar” mövzusunda ictimai dinləmələr keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 2-6 mart 2026-cı il tarixlərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Gender bərabərliyi və idarəetmədə qadınlar” mövzusunda ictimai dinləmələr keçirilib. İctimai dinləmələrdə Mərkəzlərin, rayon icra hakimiyyətləri, idarə və müəssisələrin əməkdaşları, rayonların ictimai-mədəni həyatında yaxından iştirak edən şəxslər, media nümayəndələri və icma sakinləri iştirak ediblər. İnteraktiv şəkildə keçirilən ictimai dinləmələrdə qanunvericilikdən irəli gələn məsələlər iştirakçıların diqqətinə çatdırılıb, ölkəmizdə gender məsələləri ilə bağlı dövlət siyasətindən və “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın hədəflərindən bəhs edilib. Eyni zamanda gender bərabərliyinin cəmiyyətin inkişafında mühüm rol oynadığı, qadınların idarəetmə proseslərində fəal iştirakının davamlı sosial-iqtisadi tərəqqiyə töhfə verdiyi vuğulanıb, qadınların qərar qəbuletmə mexanizmlərində təmsilçiliyi, mövcud çağırışlar və perspektivlər barədə ətraflı məlumat verilib.  Tədbirlərdə rayon üzrə fəallığı ilə seçilən bir qrup qadına təşəkkürnamələr təqdim edilib.

Ətraflı
Salyan rayonunda “Narkomaniyanın reallığı” mövzusunda maarifləndirici seminar keçirilib

6 mart 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Salyan regional “ASAN xidmət” mərkəzinin və Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Narkomaniyanın reallığı” mövzusunda maarifləndirici seminar keçirilib. Tədbirdə təhsil müəssisələrinin nümayəndələri, müəllimlər, valideynlər və gənclər iştirak ediblər. Seminarıgiriş sözü ilə açan ŞirvanSalyan regional “ASAN xidmət” mərkəzinin direktoru Samir Hüseynovun narkomaniya ilə mübarizədə aidiyyəti qurumların birgə fəaliyyətinin əhəmiyyətindən danışıb və bu istiqamətdə maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb. Daha sonra Komitənin nümayəndəsi Həsən Əliyev mövzu ilə bağlı çıxış edərək, narkomaniya ilə bağlı maarifləndirmə zamanı diqqət yetirilməli məqamlar, müxtəlif yaş qrupları üçün təqdimatların fərqli yanaşmalarla aparılmasının zəruriliyi barədə məlumat verib. O, həmçinin dövlət proqramları çərçivəsində həyata keçirilən profilaktik tədbirləri də qedy edib. Daha sonra Salyan Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, baş leytenant Alxan Mehdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri, hüquq-mühafizə orqanlarının fəaliyyəti, həmçinin bu sahədə mövcud məsuliyyət və cəza mexanizmləri barədə iştirakçıları məlumatlandırıb. Seminar müzakirə formatında davam edib, iştirakçıların sualları cavablandırılıb

Ətraflı
Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlarla görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əməkdaşlığı çərçivəsində azadlıqdan məhrum edilmiş qadınların hüquqlarının müdafiəsi, sosial problemlərinin öyrənilməsi və həlli istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, o cümlədən sosial adaptasiyası və reinteqrasiyası məqsədilə mütəmadi olaraq maarifləndirici görüşlər təşkil edilir. Bu məqsədlə, 5 mart 2026-cı il tarixində Dövlət Komitəsinin əməkdaşları və Vəkillər Kollegiyasının üzvü 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlarla görüş keçirib. Görüş zamanı 25 məhkum qadının fərdi qaydada müraciətləri dinlənilib, onlara müxtəlif hüquqi və sosial məsələlər ətrafında geniş izahat verilib, məhkumların sualları cavablandırılıb. Müraciətlər arasında məhkumların internat və uşaq evlərində təhsil alan uşaqlarının problemləri, özlərinin və ailələrinin sosial vəziyyəti, qadınların doğmaları ilə ünsiyyət saxlamaları və digər məsələlər yer alıb. Müraciət edən məhkum qadınların problemləri araşdırılaraq Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görüləcəkdir.

Ətraflı