Media
Xəbərlər

“Uşaqların İnternet təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbirlər keçirilib
Uşaq hüquqlarının müdafiəsi sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində məktəblilərin rəqəmsal savadlılığının artırılması məqsədilə növbəti maarifləndirici tədbirlər həyata keçirilib. Tədbirlər Bakı şəhəri 286 və 64 saylı tam orta məktəblərdə, həmçinin Bakı Slavyan Universiteti nəzdindəki məktəb-lisey kompleksində baş tutub. 6–8-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən görüşlərdə uşaqlara internetdən düzgün və təhlükəsiz istifadə qaydaları, zərərli informasiyadan qorunma üsulları, sosial şəbəkələrdə davranış mədəniyyəti və texnologiyalardan sağlam istifadə vərdişləri barədə geniş məlumat verilib. Maarifləndirici sessiyalar zamanı sosial videoçarxlar nümayiş etdirilib, maarifləndirici çap vəsaitləri paylanılıb. Keçirilən tədbirlərdən ümumilikdə 700-ə yaxın şagird faydalanıb.

“Uşaq Hüquqları Aylığı” çərçivəsində himayədar ailə institutu barədə tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Qəbələ, İsmayıllı, Zərdab, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlər tərəfindən 20-30 oktyabr 2025-ci il tarixlərində kənd və qəsəbələrdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Himayədar ailə” institutu barədə maarifləndirici görüşlər keçirilib. Görüşlərin keçirilməsində məqsəd cəmiyyətdə uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması, hüquqlarının müdafiəsinin gücləndirilməsi və uşaqların himayəyə götürülməsinə müsbət münasibətin formalaşdırılmasıdır. Tədbirlərdə Mərkəzlər, Rayon İcra Hakimiyyətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, himayədar valideynlər və icma sakinləri iştirak ediblər. Çıxış edənlər “Uşaq Hüquqları Aylığı”nın əhəmiyyəti, uşaq hüquqları istiqamətində həyata keçirilən tədbirlər, alternativ qayğı modelinin uşaqların sosial müdafiəsində rolu, himayədər ailə olmaq üçün müraciət qaydaları, habelə sosial xidmətlər barədə ətraflı məlumat veriblər. Mövzu ilə əlaqəli sosial çarx nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qırğızıstan Respublikasının Bişkek şəhərində Qadınların Biznes Forumu və “CAREC Regional Gender Ekspert Qrupunun İllik İclası” keçirilib
2025-ci ilin 21–22 oktyabr tarixlərində Qırğızıstan Respublikasının Bişkek şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində CAREC Qadınların Biznes Forumu – Yaşıl İnnovasiya və Gender Bərabərliyi üçün Birlikdə” və “CAREC Regional Gender Ekspert Qrupunun İllik İclası” keçirilib. Forumun məqsədi region ölkələri arasında yaşıl iqtisadiyyat və gender bərabərliyi istiqamətində əməkdaşlığın gücləndirilməsi, qadınların iqlim dəyişikliklərinə qarşı mübarizədə və innovativ həllərin tətbiqində daha fəal iştirakının təşviq edilməsi olub. Tədbirlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini Xarici Əlaqələr və protokol xidməti şöbəsinin baş məsləhətçisi Ülkər Ömərova iştirak edərək, “Azərbaycan Respublikasında gender bərabərliyinin təmin edilməsi, COP29 təcrübəsi və iqlim siyasətinə inteqrasiyası” istiqamətində görülən işlər barədə çıxış edib. Azərbaycan nümayəndəsinin çıxışı iştirakçılar tərəfindən müsbət qarşılanaraq, ölkəmizin gender siyasətinin institusional səviyyədə möhkəmləndirilməsi və iqlim gündəliyinə inteqrasiyası region ölkələri üçün müsbət nümunə kimi qeyd edilib. Tədbir çərçivəsində “Gender yönümlü iqlim maliyyələşməsi”, “Gender inklüziv iqlim siyasətləri” və “Yaşıl innovasiya və texnologiyalar” adlı panel müzakirələri aparılıb. Qadın sahibkarlar yaşıl iqtisadiyyata verdikləri töhfələrə görə “CAREC Gender və İqlim Mükafatları 2025” mərasimində mükafatlandırılıblar. Region üzrə ən uğurlu fərdi və təşkilati təşəbbüslər təqdim olunarkən, həm də Azərbaycandan olan nümayəndələr təltif edilib. “EkoSfera” Sosial-Ekoloji Mərkəz ictimai birliyinin rəhbəri Firuzə Sultanzadə iqlim təşəbbüslərində və dayanıqlı inkişaf layihələrində iştirakına verdiyi töhfələrə, Bakı Ali Neft Məktəbinin Kimya Mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova isə CLIMASOL panellərinin icadına görə mükafatlandırılıblar.

Dövlət Komitəsinin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər
Oktyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Səhiyyə Nazirliyinin Respublika Qan Bankının birgə təşkilatçılığı ilə YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib. Aksiyada Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Məqsəd talassemiya, irsi qan və digər profilli xəstəliklərdən əziyyət çəkən insanlara dəstək olmaqdır.

Çində "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində seminar keçirilib
2025-ci ilin 12–29 oktyabr tarixlərində Çin Xalq Respublikası tərəfindən “Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına üzv və tərəfdaş ölkələrdən olan nümayəndələrlə inkişaf təcrübəsinin paylaşılması və əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi məqsədilə seminar keçirilib. Seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Roza Şamıyeva da iştirak edib. 14 gün davam edən seminar müddətində Pekin şəhərində 6, Çindao şəhərində 2 müəssisəyə səfər edilib. Səfər zamanı iş prosesində innovativ yeniliklərlə (robototexnikanın istifadəsi ilə) tanış olan seminar iştirakçıları “Çində əsas şərtlər və ümumi vəziyyət”, “Komanda quruculuğu”, “Korporativ mədəniyyət” mövzularında təqdimatları və Çin Xalq Respublikasının tanınmış universitet müəllimlərinin müxtəlif mövzularda mühazirələrini dinləyiblər.

Gənc jurnalistlər Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində olublar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin jurnalistika ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinə info-tur təşkil olunub. Səfərin məqsədi gənc jurnalistlərin uşaq və ailələrə sosial dəstək sahəsində həyata keçirilən fəaliyyətlərlə yaxından tanış olması, bu istiqamətdə maariflənmələrinin təmin edilməsi olub. Info-tur zamanı tələbələr Mərkəzdə göstərilən xidmətlərlə tanış olublar, icmadaxili fəaliyyət, əhali ilə aparılan işlər, həmçinin sosial dəstək mexanizmləri barədə ətraflı məlumat əldə ediblər. Gənc jurnalistlər Mərkəzin təlim və aktiv terapiya otaqları və digər texniki otaqlarda görülən işlərlə tanış olublar. Tədbir zamanı Mərkəzin fəaliyyət istiqamətləri — psixoloji və pedaqoji dəstək, fərdi məşğələlər, sosial iş, təlim və seminarların təşkili barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirməsi üzrə seminarlar davam edir
24 və 27 oktyabr 2025-ci il tarixlərində Oğuz və Daşkəsən rayonlarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən seminarlar keçirilib. Seminarların keçirilməsində məqsəd bələdiyyələrdə gender komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, yerli idarəetmənin genderə həssas yanaşma, gender bərabərliyi prinsipləri üzərində qurulmasının təşviqi və bələdiyyələrin bu sahədə maarifləndirilməsidir. Ekspert Abil Bayramov tərəfindən keçirilən seminarlarda bələdiyyə sədrləri və üzvləri iştirak ediblər. Növbəti seminarların Ağsu, Ucar və Kürdəmir rayonlarında keçirilməsi planlaşdırılıb.
“Azərbaycan Respublikasının Konstitusiyası uşaqların gözü ilə” mövzusunda görüş keçirilib
28 oktyabr 2025-ci il tarixində Bakı şəhəri Suraxanı rayonunda yerləşən 172 saylı tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının Konstitusiyası uşaqların gözü ilə” mövzusunda 9-10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. İnteraktiv müzakirələr şəklində keçən təlim zamanı Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə Konstitusiyasının tarixi, mahiyyəti, həmçinin uşaq hüquqları ilə bağlı müddəaları haqqında məktəblilərə məlumat verib. Həmçinin görüşdə Uşaq Səfirlər Məclisinin üzvləri Məclisin fəaliyyəti haqqında ətraflı məlumatı uşaqların diqqətinə çatdırıblar.

Regionlarda valideyn və müəllimlərin iştirakı ilə maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 20 oktyabr - 20 noyabr Uşaq Hüquqları Aylığı çərçivəsində Bakının Xəzər rayonu, Goranboy, Göygöl, Ağdam, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında maarifləndirici görüşlər keçirilib. Rayon İcra Hakimiyyətləri yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının, rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun əməkdaşları, valideynlər və müəllimlərin iştirak etdiyi tədbirlərin keçirilməsində məqsəd ailə və məktəbdə uşaqlara yanaşma üsulları, yaranan problemlər, yol verilən səhvlər və aradan qaldırılması yollarının müzakirə edilməsidir. Tədbirlərdə çıxış edənlər valideyn-uşaq-müəllim münasibətlərindən irəli gələn problemlər, onların aradan qaldırılması yolları barədə danışıblar. Görüşlərdə, həmçinin qeyd olunub ki, uşaqların təlim və tərbiyəsində yaş və fərdi xüsüsiyyətlərin nəzərə alınması, məktəb və ailə mühitinin balanslaşdırılmış, təhlükəsiz və dəstəkləyici olması vacibdir. İştirakçılar onları narahat edən məsələlərlə bağlı fikirlərini bildiriblər, valideyn, məktəb və uşaq üçbucağındakı münasibətlər sisteminin qarşılıqlı anlaşma və əməkdaşlıq formatında qurulmasının vacibliyini vurğulayıblar.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi